Topaz Premyer Liqasının 14-cü turunda "Sumqayıt" – "Simurq" (0:1) qarşılaşmasından sonra maraqlı hadisə baş verib. Etibarlı mənbədən futbolinfo.az saytına daxil olan məlumatda futbolçuların çimməsi üçün hamamda isti suyun olmadığı bildirilib. Məlumatın doğruluğunu yoxlamaq üçün hər iki klubun rəsmiləri ilə əlaqə saxladıq.
Ev sahibi komandanın mətbut xidmətindən verilən məlumatda hər şeyin qaydasında olduğu bildirilib: "Bazamız bütün standartlara cavab verir. Bu cür problemin olmasından söhbət gedə bilməz. Futbolçuların idman etməsi, yeməyi, çimməsi üçün hər şərait var. Mən özüm bunlara nəzarət edirəm. Hətta stadion istifadəyə veriləndən birinci dəfə idi axşam oynayırdıq. Buna baxmayaraq işıqlandırma sistemində də heç bir problem yaşanmadı. İşıq generatorlarını da işlək vəziyyətə gətirmişdik. Necə olur ki, qazanxanalar işləyir, istilik sistemi qaydasında işləyir, amma isti su olmur? Bunlar yalnış məlumatdı".
Qarşı tərəfin mətbuat xidmətindən də bu mövzuya münasibət bildirilib: "Bu hadisədən xəbərimiz yoxdu. Çünki futbolçular bununla bağlı müraciət etməyib".





