“Neftçi” yenə ova çıxıb. İpəyatmazların, sözəbaxmazların ovuna. Bu komandada bir prinsip var – ya mənimlə olmalısan, ya… olmamalısan.
Dərd orasıdı ki, “Neftçi”ylə birlikdə olanlar da bir müddətdən sonra ümumiyyətlə olmurlar.
“Neftçi” hələ də “İnter”ə son turdakı məğlubiyyəti unuda bilmir. Təzyiq-təbliğat vasitələrindən mümkün olan bütün formalarda istifadə edir. Gah özlərinin sponsorluq, son verilişdə olduğu kimi həm də aparıcılıq etdikləri teleşoularda, gah da rəsmi internet saytlarında, eləcə də özlərinə yaxın etdikləri (!) portallarda haqlı-haqsız onlara rəqib olanları “şumlayırlar”. Onların sözünü deməyənlər, fərqli mövqedə olanlar isə “Neftçi” üçün düşmən tərəfdi.
Son 3 mövsümün çempionu bütün arzularına Tahir Süleymanovla çatıb. Ona görə yox ki, o, Azərbaycan futbolunu, klub idarəçiliyini hamıdan yaxşı bilir. Ona görə ki, Azərbaycanda uğur qazanmağın bir çox sirrləri var və Tahir bəy də bu qazanda bişənlərdəndi. “Kəpəz”in asıb-kəsən, hər çempionluğa görə ən sözəbaxan hakimlərə “Mersedes” bağışladığı vaxtlarda fit çalıb Süleymanov. İndi nə sürdüyünü bilmirəm, onun da nömrəsi sabiq AFFA prezidentlərindən Fuad Musayevin maşın nömrəsinə uyğun bir alman maşını vardı ovaxtlar.
Bilmirəm çoxillik təcrübəsi işinə yarayır, ya nədisə o gələni “Neftçi” də qızıl medalları bazardan alırmış kimi muzeyinə aparır. Birvaxtlar “Kəpəz”in etdiyi kimi…
Ancaq fərq ondadı ki, indiki hakimlər fərasətsizdi. Bəziləri altdan-altdan iş görməyi bacarsa da, Əfqan Həmzəyev, Anar Salmanov kimilər özünü tez yandırır. Onlar sözəbaxan olsalar da, yaxşı ifaçı deyillər.
Sabiq FİFA referisi “Neftçi”də vitse-prezidentdi. Rəsmi vəzifəsi belədi. Amma Sadıq Sadıqov ona bildiyimiz konkret hansısa sahəni tapşıracaq qədər sadəlövh biri deyil. Maliyyə, transfer, idarəetməylə bağlı mövzularda Sadıq bəyin ətrafında ona yardım edəcək kifayət qədər işçilər var. Tahir bəy isə adı olmayıb özü həyati əhəmiyyət kəsb edən mövzularda söz sahibidi. O da işini əla gördüyünü son 3 çempionluqla sübut edib. Həm də özünə düşmən bildiyi, onunla eyni illərdə FİFA referisi olmuş Xaqani Məmmədovun AFFA Hakimlər Komitəsinin sədri olduğu bir vaxtda.
Hakimlər həmişə “Neftçi”nin dostu olub, yaxınlıq etməyənlər ləkələnərək gedər-gəlməzə göndərilib. Qucaqda yatanlardan bəziləri də yuxarıda qeyd etdiyimiz kimi, çox ağ etdiyindən karyerasının çiçək açan vaxtı bədbəxt edilib. İndi də hədəfdə Rəhim Həsənovdu. O ya “Neftçi”nin hakimi olacaq, ya da ümumiyyətlə, hakim olmayacaq – “Neftçi” Rəhimə rəhm edən deyil. Onun ləkələnməsi kampaniyası başlayıb və “ağıllanana qədər” də davam edəcək.
Həsənov son paytaxt derbisində çox səhv etdi və qarşıdakı 3-4 turda təyinat almaması məntiqli olacaq. Amma iş ondadı ki, o, heç də “Neftçi”nin əleyhinə işləmədi, sadəcə, ipi itirmişdi və nə etdiyini bilmirdi. Flaqman onlara qarşı səhvlərin olduğu epizodları – baxmayaraq ki, heç də hamısında haqlı deyildilər – videorolik kimi təqdim etdi; “İnter” qələbə qazandığından eyni üsulla cavab verməyin marağında olmadı; AFFA isə bunu edə bilməzdi. Çünki “İnter”ə qarşı səhvlərin olduğu epizodları təqdim etsəydi, həm təyinat verdiyi Rəhimin bacarıqsızlığını etiraf edəcək, həm də “bankirlər”in vəkili kimi görünəcəkdi. Bu incə məqamı vaxtında sezən illərin PEŞƏKARı Tahir Süleymanov təbii ki, fürsəti boşa verə bilməzdi.
Sabiq hakimlərin klub idarəçiliyinə dəvət edilməsi çoxdanın sınanmış vasitəsidi. Son olaraq “Xəzər Lənkəran” da bu vasitəyə əl atdı. Amma onlar kadrı düzgün seçməmişdilər. Çünki Babək Quliyev Cənub şəhərinə ləkəli adla getmişdi. Elə buna görə də onu tezbazar yola saldılar. Süleymanov isə belə məsələlərdə daha peşəkardı, o, PFL-lə, Hakimlər Komitəsi ilə açıq münaqişəyə getmir, əvvəl gizlicə ova gedir, tora düşməyənlər isə fərqli qaydada məhv edilir.
CAVAD





