AZAL-ın yarımmüdafiəçisi Branislav Arsenyeviçin futbolinfo.az saytına müsahibəsi
– "Xəzər Lənkəran"la oyunun nəticəsi (1:1) sizi qane etdi?
– Lənkəran səfərinin çətin olacağını əvvəlcədən bilirdik. Hakimlər də oyunu lazım olan səviyyədə idarə etmədilər. Penalti təyin olunanda heç bir qayda pozuntusu yox idi. Sadəcə, bədənimlə rəqib futbolçunun qarşısını kəsirdim. Yan xətt hakimi də 11 metrlik nöqtəni göstərdi. Etirazımı bildirdim, amma hakim fikrindən daşınmadı. Orada penalti yox idi. 11 metrlik cərimə zərbəsindən əlavə hakim mənə sarı vərəqə də göstərdi. İkinci hissədə aldığım ikinci sarı vərəqə isə düzgün idi. Bir anlıq öz hisslərimi cilovlaya bilmədim. Qırmızı vərəqə almaqla komandamı çox çətin vəziyyətdə qoydum. 10 nəfərlə qalsa da, AZAL nəyə qadir olduğunu sübut etdi. Ən azından sona kimi hesabı qoruya bildik. Komanda yoldaşlarıma təşəkkür edirəm. Növbəti oyunda qələbə qazanmağa çalışacağıq.
– “Xəzər Lənkəran” çətin günlərini yaşayır. Bu oyunda AZAL iki xal itirdi, yoxsa bir xal qazandı?
– “Xəzər Lənkəran”da problemlərin olduğunu bilirdik. Lakin rəqibimiz böyük komandadı. Heyətinə baxmaq kifayətdi. Sadəcə, baş məşqçimiz Vaqif Sadıqov bu oyuna yaxşı taktika seçmişdi. Hücumların birində Samuel Barlaya yaxşı ötürmə gəldi və o da bundan istifadə etdi.
– Sizcə, hakim rəqib komandaya kömək etdi?
– Mən öz fikirlərimi dedim. Sadəcə, penalti epizodundan narazıyam. Bir də daha çox rəqib komandanın lehinə cərimə zərbələri təyin edirdi.
– Meydanda olan gərginliyin səbəbi nə idi?
– Fikrimcə, buna hakimin bəzi müəmmalı qərarları səbəb olurdu. Amma yenə də indi dəqiq demək olmaz. Epizodlara bir də baxmaq lazımdı. İndi ancaq onu dey bilərəm ki, hakimin “Xəzər Lənkəran”ın lehinə qərarları çox idi. Yenə də deyirəm ki, rəqibimiz güclü komandadı.
ELSEVƏR





