Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsində "Bakı" son dəqiqədə vurduğu qolla "Sumqayıt"ı mübarizədən kənarlaşdırdı. Futbolinfo.az xəbər verir ki, bu qarşılaşmada diqqətimizi çəkən məqamlardan biri də qonaq komandanın əsas heyət oyunçusu olan Vurğun Hüseynovun meydanda olmaması idi.
Bir neçə gün bundan öncə sözügedən futbolçunun "Sumqayıt"ı tərk edəcəyi ilə bağlı söz-söhbətlər gəzirdi. "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədovun bugünkü qarşılaşmada ona şans verməməsinin səbəbini öyrənməyə çalışdıq. Futbolinfo.az saytına açıqlama verən Hüseynov məsələ ilə bağlı bunları dedi:
"Bir az yorğunluq var idi. Məşqçi ilə söhbət etdik. Dekabrın 8-də "Bakı" ilə oyuna görə heyətdə oynamadım. Kubok oyununa da ciddi yanaşırdıq. Sadəcə, çempionat oyunu bizə kubok oyunundan daha vacibdi".
Vurğun qışda komandadan gedəcəyi barədə söhbətlərə də şərh verib: "Düzdü, təkliflər var. Amma mən indi transfer haqda fikirləşmirəm. Qarşıda 3 çətin oyunumuz var. Tək fikirləşdiyim şey ondan ibarətdi ki, 3 oyunda komandama necə xeyir verə bilərəm? Hər şey qarşıdakı oyunlardan asılıdı. Qismət olsa, gedəcəm, olmasa, qalacam".





