17 yaşlı futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə keçiriləcək Dünya Çempionatına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, FİFA Azərbaycanın da təşkil etmək istədiyi turnirin Hindistanda keçirilməsinə qərar verib.
Turnir üçün artıq 8 şəhərin namizədliyi irəli sürülüb. Bunlar Yeni Dehli, Bombey, Kəlküt, Marqao, Koçi, Pun, Quvahati və Banqalordu. Lakin FİFA-nın bu turnir üçün seçdiyi şəhər və stadionların sayı dəyişə bilər. Məsələn, 2009-cu ildə Nigeriyanın 8 şəhərində təşkil olunmuş yarış BƏƏ-də 6 şəhərdə keçirilib. 2015-də keçiriləcək turnirə ev sahibliyi edəcək Çili isə 9 şəhərdə 10 stadion təminatı verib.
Bu turnir Hindistan üçün ilk olacaq. Belə ki, adı çəkilən ölkə 1950-ci ildə keçirilən Dünya çempionatına dəvət olunsa da, maddi sıxıntı və olimpiya oyunlarına daha çox əhəmiyyət verildiyi üçün FİFA-nın təklifindən imtina etmişdi. 2017-ci ildə keçiriləcək Dünya Çempionatına Hindistanın 17 yaşlardan ibarət komandası ev sahibi olduğu üçün birbaşa vəsiqə qazanacaq.
Qeyd edək ki, sözügedən turnirə ev sahibliyi etmək üçün Hindistandan başqa, Azərbaycan, İrlandiya, Özbəkistan və CAR da öz namizədliyini irəli sürmüşdü.





