Hər gün eyni söhbətlər… Bu oyunda kim uddu, kim uduzdu… Oxucunu yormamaq üçün bir az "tema"nı dəyişmək lazımdı. Futbola baş qarışdığından sosial problemlər demək olar ki, yaddan çıxır. Lakin futbolu futbol edən də elə bu sosial həyatdı.
Məsələn, pul qazanmasan çörək ala bilməzsən, çörək ala bilməsən, ac qalarsan, ac qalsan, meydana çıxmağa taqətin olmaz. Maraqlıdı, hər gün futboldan "dəm vuran" futbol ictimaiyyətinin sosial problemləri varmı? Çox güman ki, var. Bunlardan ən əsası da son günlərdə gündəmə bomba kimi düşən benzinin qiymətinin qalxmasıdı. Fikrimiz bunun nədən, nəvaxtadək belə olacağını müzakirə etmək deyil. Məqsəd neft ölkəsində benzinin qiymətinin qalxmasının futbol adamlarına təsirini öyrənməkdi. Öyrəndik, yarıciddi, yarızarafat…
 
Benzinin qiymətinin qalxması jurnalistlərə necə təsir edir?
 
İxtiyar Əsgərov (apasport.az saytının baş redaktoru): "Təbii ki, benzinin qiymətinin qalxması çoxları kimi mənim üçün qara xəbər oldu. Qiymət artımına qədər ay ərzində benzinə təxminən 120 manat xərcləyirdim. İndi bu rəqəm 150-160 manat edəcək. Arada ciddi fərq olmasa da, az da deyil. Maaşımın artırılmasına gəlincə, aylıq məvacibimdən narazılığım yoxdu. Artırsalar da sağ olsunlar, artırmasalar da…"
 
Benzinin qiymətinin qalxmasından sonra məşqçilər məvaciblərinə “əl gəzdirilməsini” istəyəcəkmi?
 
Şahin Diniyev ("Rəvan"ın baş məşqçisi): "Biz orta təbəqəli insanlarıq. Benzinin qiymətinin qalxmasının bizə də ziyanı var. Bu, nəinki maşın sürənlərə, hər kəsə böyük təsir edəcək. Desəm ki, qiymət artımı mənə təsir etməyəcək, düzgün olmaz. Lakin qiymət artımına baxmayaraq, əmək haqqımın da artırılması üçün rəhbərliyə müraciət etmərəm. Bu, eyib iş olar".
 
Benzinin qiymətinin qalxması transfer qiyməti və futbolçularının əmək haqqlarının artırılmasına səbəb ola bilər?
 
Tahir Süleymanov ("Neftçi"nin vitse-prezidenti): "Biz həmişə rəsmiyyəti qorumuşuq. Bu cür zarafatyana suallara cavab verməyimiz rəsmiyətdən uzaq olar. Özünüz də qeyd etdiniz ki, bu, zarafatyana sualdı. Bu suala cavab vermək istəməzdim".
 
Benzinin qiymətinin qalxması "bankirlər"ə necə təsir edir?
 
Səbuhi Məmmədov ("İnter"in mətbuat katibi): "Mənim avtomobilim olmadığından birbaşa təsiri yoxdu. Lakin dolayı yollarla öz təsirini göstərir. Məsələn, kənd təsərrüfatı mallarının qiyməti qalxır. Biz də bu cəmiyyətin üzvüyük axı…"
 
Benzinin qiymətinin qalxmasından sonra Peşəkar Futbol Liqası (PFL) klublara verilən xal sayını artıra bilər?
 
Aslan Şahgəldiyev (PFL-in İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): “Siz verdiyiniz sualı ilk olaraq "Qəbələ"in meneceri Səbuhi Səfiyarlı sosial şəbəkədə paylaşmışdı. Bildiyiniz kimi, builki çempionatın əsasnaməsi təsdiq olunub və əsasnamədə də gostərilib ki, qalib komandaya 3, heç-heçəyə 1 xal verilsin. Bu, dünya praktikasında da belədi. Asqırmağın qulunca dəxli olmadığı kimi, benzinin qiymətinin qalxmasının da xallara heç bir dəxli yoxdu. Ancaq məsələ ciddiləşərsə, biz PFL olaraq UEFA-ya məktub yazaraq növbəti mövsümdən 3 yox, 4 xal verilməsi üçün müraciət edə bilərik. Bundan başqa xalları balla da əvəz etmək olar. Məsələn, 3 xal, 1 bal, ya da ki 1 balon bal. Bu da təxminən 5 kq edir (gülür)”.
 
Benzinin qiymətinin artması futbolçulara necə təsir edir?
 
Kamran Ağayev ("Bakı"nın qapıçısı): "Benzinin qiymətinin qalxması futbolçulara təsir edir. İmkanı olan futbolçular Aİ-95 vurub sürətlənəcək. Hansı futbolçunun ki, imkanı yoxdu Aİ-92 vuracaq, sürəti zəifləyəcək".
 
Sonda isə Futbolinfo.az saytının baş redaktoru Vüsal Mahmudova da bir sual ünvanlamaq istərdim. Benzinin qiymətinin qalxması bizim əmək haqqlarının artmasına səbəb ola bilər? Axı nəqliyyat vasitələrinini də qiymətinin artması gözlənilir. O isə benzinin qalxmasından sonra özünün də təzyiqinin qalxdığını bəhanə edib vəziyyətdən çıxdı: “Benzinin qiymətinin qalxmasından sonra saytın büdcəsi artmadı. Bunun bizə dəxli yoxdu. İşçilərin maaşı o zaman qalxacaq ki, Futbolinfo.az-ın reytinqi, reklam gəlirləri və jurnalistlərin yaradıcılıq səviyyəsi qalxacaq”.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: