Topaz Premyer Liqasının 16-cı turunda baş tutacaq oyunlara hakim təyinatları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, turun mərkəzi oyunu hesab olunan "Qarabağ" – "Neftçi" matçına Vüsal Əliyev təyin edilib.
Cari mövsümdə hər iki komandanın oyununa 2 dəfə təyinat alan Əliyev "Qarabağ" və "Neftçi" üçün uğurlu hakim hesab olunur. Belə ki, bu komandalar Əliyevin idarə etdiyi 2 oyundan da qələbə ilə ayrılıb. Üçüncü dəfə FİFA referisinin idarə etdiyi oyuna çıxacaq komandalardan hansısa, ola bilsin, hər ikisi mütləq büdrəyəcək. Amma kim?
Ağdam klubunun meneceri Asif Əsgərov saytımıza açıqlamasında təyinat haqda bunları dilə gətirdi: "Hər halda federasiya Əliyevi məsləhət bilib və bizim oyuna təyinat verib. Biz çıxıb öz oyunumuz oynayacağıq. Hansısa qərəzin olacağına inanmıram. Təcrübəli hakimdi, səhvə yol verəcəyini də düşünmürəm. Kim güclüdürsə, o da qalib gəlsin. Hakimlik haqda danışmaq düzgün olmazdı. Biz öz oynumuzu fikirləşirik".
Bakı təmsilçisinin vitse-prezidenti Tahir Süleymanov isə mərkəzi oyunda Əliyevin fit çalmasını bu cür dəyərləndirdi: "Bu təyinatda heç bir problem yoxdu. Bu oyunu kimin idarə etməsinin fərqi yoxdu. Əsas olan meydançda komandaların bir-birinə olan hörmətidi. Oyunda əvvəl aranı qarışdırmaq istəyən qüvvələr var. Lakin "Qarabağ"la "Neftçi"nin arasına heç kim girə bilməz. Bu iki komanda həmişə bir-birinə hörmət edib. Güclü olan kimdisə, o da qalib gəlsin. Əsas olan indi kimin udmağı deyil. Əsas may ayından sonra Avropada uğur qazanmaqdı. Sonda demək istəyirəm ki, kimin təyin olunması "Neftçi" tərəfini maraqlandırmır. İstəyərdim ki, oyunun yüksək səviyyədə idarə olunması üçün hər iki komandanın futbolçuları hakimə köməklik etsin".
Maraqlıdı, görəsən, tərəflər oyundan sonra da belə mehribancasına danışacaqmı?





