"12-ci oyunçu" azad azarkeş qrupunun rəhbəri İslam Cabbarovun futbolinfo.az saytına müsahibəsi
 
– "12-ci oyunçu" haqda məlumat verərdiniz…
– Əvvəlcədən deyim ki, "12-ci oyunçu" fan-klub deyil. Bu, azad azarkeş qrupudu. Fan-klublar toplantılar keçirir, rəhbərlikləri var və onların qərarı adi üzvlər tərəfindən qəbul olunur. Biz isə azad azarkeş qrupuyuq. "12-ci oyunçu" fan-klublara daxil olmayan sadə azarkeşləri təmsil edir. Bizim üçün sadə azarkeşlərin sözü müzakirəsiz qəbul olunur. Bizim saytımız da var. 12cioyuncu.info saytı azarkeşin səsini eşitdirmək, onların müraciətini klub rəhbərliyinə çatdırmaq üçündü. Biz azarkeşlərlə klub arasında münasibət də qurmağa çalışırıq. Yalnız azarkeşlərə xidmət edirik, onların arxasınca gedirik. Elə bu məqsədlə 2009-cu ildə "12-ci oyunçu" azad azarkeş qrupu yaradılıb.
 
– Adınıza uyğun olaraq 12-ci oyunçu funksiyasını yerinə yetirə bilirsiz?
– 2010-cu ildə klub prezidenti ilə görüş oldu. Orada mən Mais Mənsimova bildirdim ki, "Xəzər Lənkəran"ın ev oyunlarına heç bir fan-klublar gəlməsin. Çünki Lənkəran stadionuna gələn azarkeşlərin 90 faizi sadə azarkeşlərdi, fan-klub deyil. Biz də həmin azarkeşləri təmsil edirik. Buradan da bir nəticə çıxır ki, "Xəzər Lənkəran"ın 12-ci oyunçusu fan-klublar deyil, həmin sadə azarkeşlərdi. Biz də onları təmsil edirik. Onu da deyim ki, klubun fan-klubları kənara çəkilsələr də, sadə azarkeşlər stadionu doldurar. Düşünürəm ki, 12-ci oyunçu ola bilirik.
 
– "Xəzər Lənkəran"la bağlı məlumatlar ilk olaraq 12cioyuncu.info saytında yayımlanır. Bu, sizin klub rəhbərliyi ilə yaxınlığınızı göstərmir?
– Klub rəhbərliyində, ofisdə baş verən hadisələri biz yox, idman portalları işıqlandırır. Biz isə yalnız komanda ilə bağlı xəbərləri işıqlandırırıq. Dünya praktikasında da bu cür azarkeş saytları var. Bizim bağlılığımız klubla deyil, komandayladı. Komandada baş verənləri ən tez biz bilirik. Ancaq klub rəhbərliyi ilə münasibətimiz rəsmiyətdən kənara çıxmır. Biz komandanın məşqlərinin canlı şahidi oluruq. Tez-tez komandayla əlaqə saxlayırıq. Yenə qeyd edirəm ki, klubla, rəhbərliklə əlaqəmiz yoxdu.
 
– "Xəzər Lənkəran"ın hazırkı vəziyyətini necə dəyərləndirərdiniz?
– Komandanın vəziyyəti ürəkaçan deyil. Con Toşak səviyyəli məşqçi idi. Amma Azərbaycan futbolunun reallığına uyğun gəlmirdi. Çünki bütün futbolçulara peşəkar kimi baxırdı, çox şeyləri onların öz öhdəsinə buraxmışdı. Azərbaycan mentalitetinə uyğun yeni məşqçimiz gəlib. İnanıram ki, komandanın turnir cədvəlindəki mövqeyi yaxşılaşacaq və biz azarkeşlər qələbə sevinci yaşacağıq.
 
– Yeni baş məşqçiniz Mustafa Dənizli haqda nə deyərdiniz?
– Əgər Dənizli cavan olsa, ona bu qədər inam olmazdı. Onun gəncliyi Türkiyə futbolunun bərbad gününə düşüb, futbolun inkişafını görüb. Bizdə hazırda Dənizlinin cavanlığnda gördüyü futbol dönəmidi. Buna görə komandada onun işi alınacaq. Biz Dənizlidən uğur gözləyirik və inanıram ki, "Xəzər Lənkəran"a xeyir verəcək. Lakin bu ardıcıllıq davam etməlidi. Köməkçi məşqçilər və transferlər də güclü olmalıdı.
 
– Səfərə gedərkən başınıza gələn maraqlı əhvalat olub?
– Bir neçə il əvvəl Bakıda oyunumuz vardı. Kubokun finalında "İnter"lə qarşılaşacaqdıq. Mən də "Xəzər Lənkəran" formasında stadiona gəlirdim. Tofiq Bəhramov adına Respublika stadionun qarşısında yolu keçərkən bir avtomobil saxladı. Tanımırdım, bizə baxıb "Xəzər” uduzacaq" dedi və getdi. Fikirləşdik ki, yəqin bölgədi, ona görə belə deyirlər. Stadiona çatana qədər bir neçə nəfər bizə bu cür sözlər dedi. Lakin biz qələbə qazandıq. Geri qayıdarkən uşaqlarla bunu müzakirə etdik. İllər sonra ilə Naxçıvanda "Neftçi" ilə Super Kubok matçında qələbə qazandıq. Artıq "Xəzər Lənkəran"a olan rəğbət hissi artmışdı.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: