Topaz Premyer Liqasının 16-cı turunda "Qarabağ" mərkəzi arenada "Neftçi"ni qəbul edəcək. 1 xal fərqi olan komandalardan qalib gələni liderliyi ələ keçirəcək. "Qarabağ" "döyüşçülər"indən bir neçəsinin açıqlamasını yazdıq. Balansı qorumaq üçün "Neftçi" tərəfi ilə də danışmağa çalışdıq. Çox çətinliklə olsa da, paytaxt klubunun şərəfini qoruyan bir nəfərlə danışmaq mümkün oldu.
Bakı klubunun uğuru üçün çalışan Mahir Şükürov futbolinfo.az saytına açıqlamasında turun mərkəzi oyunu haqda bunları dilə gətirib: "İki lider komanda qarşı-qarşıya gələcək. Maraqlı oyun olacaq. Güclü olan tərəf qalib gəlsin. Flavinyo komandaya kömək edir. Onun heyətdə yer alması müsbət cəhətdi".
Bundan başqa "ağ-qaralar"ın müdafiəçisi mətbuatda yayılan "Mənim üçün heç bir fərqi yoxdu. İstəyirlər qiyməti lap 1 manata qaldırsınlar. Onsuz da biz yanacaq pulumuzu SOCAR-dan alırıq" fikrinə də aydınlıq gətirib: "Onu kim deyib? Mən heç açıqlama verməmişəm. Bu cür şeylər necə ortaya çıxır, bilmirəm. Nəyə görə belə danışmalıyam"?





