Sabah Topaz Premyer Liqasının 16-cı turu start götürür. Futbolinfo.az xəbər verir ki, turun mərkəzi oyunu "Qarabağ"la "Neftçi" arasında baş tutacaq.
 
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu qarşılaşma saat 18:00-da başlayacaq. Çempionluğa iddialı olan komandaların oyununu təcrübəli FİFA referisi Vüsal Əliyev idarə edəcək. Matç öncəsi hər iki komandanın aparıcı fan-klublarının rəhbərləri saytımıza oyunla bağlı fikirlərini bildiriblər: 
 
Xaləddin Bayramov, "İmarət" fan-klubun rəhbəri: Bizim üçün bu matçın əhəmiyyəti böyükdü. Qarşılaşmaya ölüm-qalım məsələsi kimi baxırıq. Oyunla bağlı hazırlıqlarımız demək olar ki, artıq başa çatıb. Səbrsizliklə oyunun başlama saatını gözləyirik. "Qarabağ"ımızdan yalnız qələbə gözləyirik. Əgər kənar qüvvələr matça müdaxilə etsələr, buna etirazımız çox sərt şəkildə olacaq. "Qarabağ" qələbə qazanıb, layiq olduğu pilləyə yüksəlməlidi".
 
Sübhan Əliyev, "Forza Neftçi" fan-klubunun rəhbəri: "Sabah baş tutacaq qarşılaşmada "Neftçi"dən yalnız qələbə gözləyirik. Bu matça yüksək səviyyədə hazırlaşırıq. Bu gün fan-klubumuzun iclası olacaq. Qarşılaşma ilə bağlı müzakirələr edəcəyik. Biz ancaq qələbəni fikirləşirik. İnşallah, "Neftçi" qələbə qazanıb liderliyini daha da möhkəmləndirəcək".
 
Məlumat üçün bildirək ki, bu iki komanda arasındakı oyunlara ən çox 2003/04 mövsümünə təsadüf edən qarşılaşma azarkeş toplayıb (15 500).
Shares: