Futbol üzrə Azərbaycan çempionatının 1-ci divizionunda mübarizə aparan "Şəmkir" klubunun büdcəsi məlum olub. Futbolinfo.az xəbər verir ki, qərb təmsilçisinin aylıq xərcləri 8000 manatdı.
 
Bir mövsüm kluba baxmaq isə AFFA-ya 80 000 manata başa gəlir. Aylıq xərclərə komanda üzvlərinin maaşı, səfər oyunlarına ezamiyyət pulu və yerli Olimpiya İdman Kompleksinə icarə haqqı daxildi.
 
Komandada ən yüksək maaşı baş məşqçi Ruslan Abbasov alır. Onun məvacibi 800 ABŞ dolları təşkil edir. Futbolçular arasında ən çox qazananlar isə bunun tənyarısını alırlar. Onların da sayı 2-3 nəfərdi. Komandanın məskunlaşdığı kompleksin bazasına və ev oyunlarının keçirildiyi arenaya isə 1200 manat ödəniş edilir. Kompeksin direktor müavini olan Mahir Şirinov isə əlavə 400 manat alır. Bu da səbəbsiz deyil. Çünki Şirinov həm də klubun yeganə rəsmi şəxsidi. Adı heç bir yerdə çəkilməyən Mahir bəy kağız üzərində "Şəmkir"in icraçı direktorudu. O, demək olar ki, PFL-in prezidenti Ramin Musayevin
xeyir-duası ilə 4 il öncə yaradılan komandada illərdi ki, eyni vəzifəni daşıyır.
 
Onu da bildirək ki, yarandığı ilk ildə klub birinci divizionda ölkənin ən zəngin büdcəyə malik olan komandalarından biri olub. Belə ki, "Şəmkir"lilərin büdcəsi 160 000 manat təşkil edib. Lakin ilbəil büdcə azaldılaraq, indiki məbləğə çatıb.
Shares: