"Bakı" futbol klubu və "Atletiko" Madrid arasında yüksələn xətlə davam edən əməkdaşlıq çərçivəsində paytaxt klubunun daha bir komandası İspaniyanın paytaxtına yola düşüb. Futbolinfo.az xəbər verir ki, artıq Madridə çatan komanda klubun təlim-məşq bazasının yaxınlığında yerləşən "Eurostars Hotel"də məskunlaşıb.
U-14 bazar ertəsindən etibarən hazırlıqlara başlayacaq. Proqrama intensiv məşqlərlə bərabər mədəni tədbirlər də daxil edilib. Azərbaycanlı uşaqlar ilk olaraq paytaxt Madridə ekskursiyaya çıxaraq bu tarixi şəhərin görməli yerləri ilə tanış olacaqlar. Bugündən başlayaraq U-14 məşqlərə start verəcək. 12 gün davam edəcək toplanış çərçivəsində 4 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulur.
"Atletiko"da uzunmüddətli təlim keçən 5 futbolçumuz da düşərgəyə qatılıb. Onlar qarşıdan gələn günlərdə U-14 komandasının üzvləri ilə birlikdə məşqlərə çıxacaqlar. Komanda üzvləri "Atletiko"nun futbolçuları ilə görüşəcək, kumirləri ilə ünsiyyətdə olmaq və onlara suallar vermək imkanı qazanacaqlar. Yeniyetmə futbolçular "Atletiko"nun 3 oyununu da canlı izləyəcəklər.





