Topaz Premyer Liqasının 16-cı turuna "Qarabağ" – "Neftçi" derbisi ilə yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, maraqla gözlənilən oyunda "Qarabağ" 3:1 hesabı ilə qalib gəldi.
 
Paytaxt klubunun Ağdam təmsilçisinə qarşı sərgilədiyi oyun isə komandanın azarkeşlərinin ürəyincə olmadı. Dünən baş tutan matçda bakılı azarkeşlər "Neftçi"də son həftələrdə hüçumçuların vəzifəsini icra edən Karlos Kardoso və ağdamlıların hüçumu zamanı komandasını bir neçə dəfə qoldan xilas edən Saşa Stamenkoviçdən başqa heç kəsi bəyənmədilər.
 
Məhz bunun nəticəsi idi ki, "ağ-qaralı" azarkeşlər matçın gedişi zamanı komandanın futbolçularını, daha dəqiq desək Cavid İmamverdiyevi, oyundan sonra isə rəsmi "facebook" səhifələrində Mahir Şükürovu hədəfə aldılar. Xüsusilə İmamverdiyevin çıxışı fanatların kəskin etirazına səbəb oldu. Onlar 10 nömrəli futbolçunun tez-tez top itirməsinə etiraz əlaməti olaraq "Cavid, evinə, futbol sənin nəyinə" kimi şüarlar səsləndirdilər.
 
Son günlərdə benzinin qiymətinin qalxması ilə bağlı mətbuata verdiyi açıqlamasında "Mənim üçün heç bir fərqi yoxdu. İstəyirlər qiyməti lap 1 manata qaldırsınlar. Onsuz da biz yanacaq pulumuzu SOCAR-dan alırıq" deməsi Mahiri də qınaq obyektinə çevirmişdi. Düzdü, sonradan o, bu açıqlamasını təkzib etsə də, artıq iş işdən keçmişdi. "Neftçi"li azarkeşlər oyundan sonra rəsmi "facebook" səhifələrində Şükürovun meydanda varlığı ilə yoxluğu arasında bir fərq olmadığını qeyd ediblər. Daha sonra isə "Eh Mahir, sən get itlə oyna, futbolu nə edirsən?" qeyd etmələri azarkeşlərin Şükürova olan etimadın azalmasının göstəricisidi.
Shares: