"Rəvan"ın müdafiəçisi Cəmşid Məhərrəmovun futbolinfo.az saytına müsahibəsi.
– Öncə AZAL-la oyun haqda fikirlərinizi bilmək istərdik…
– Baxımlı oyun oldu. Oyunu izləyənlər də bildirdilər ki, çox gözəl qarşılaşma keçdi. Oyundan sonra mənə çatmadı ki, necə oldu biz uduzduq? Yuxu kimi oldu. Oyunun şokundan ayıla bilmirdim.
– Son 4 dəqiqədə qapınıza vurulan 2 qol məğlubiyyətə səbəb oldu. Bu, "Rəvan"ın gələcək oyunlarda motivasiyasına necə təsir edəcək?
– Dünya futbolunda hər cür hadisələr baş verir. Bu, 10 saniyədə də ,2 dəqiqədə də ola bilərdi. AZAL-la matçda məğlub olmalı deyildik. Orada 3 xal qazanılası komanda var idisə, o da biz olmalı idik. Qismət belə imiş.
– "Rəvan" artıq 11 oyundu qələbə qazana bilmir. Bu, uğursuzluğu nə ilə əlaqələndirmək olar?
– İnşallah, inanıram ki, qarşıdakı 2 oyunda yaxşı nəticə əldə edəcəyik. Qarşıdakı matçlardan 6 xal qazanıb, yeni il qabağı yaxşı əhval-ruhiyə ilə istirahətə getmək istəyirik. Hər dəfə qələbə qazanmağımıza bir addım qalır. İnanıram ki, qarşıdakı oyunlarda qələbə qazanacağıq.
– Şahin Diniyevdən öncə komandanın başında Vladislav Qədirov idi. Diniyevlə Qədirov arasında nə kimi fərq var?
– Sizin sahənizdə də hər bir insan arasında fərq var. Həm iş baxımından, həm də xasiyyət baxımından. Şahin müəllim qısa müddətdi komandanın başındadı. Komandada həm taktiki, həm də texniki cəhətdən çox işlər görüb. Hər bir məşqçinin öz taktikası və tələbləri var.
– 16 turdan sonra komandanın aktivində 9 xal var. "Rəvan"ın elitada qalmaq şanslarını necə qiymətləndirirsiz?
– "Rəvan"ın 1-ci divizona düşəcəyinə inanmıram. Çünki, bu klubda futbolun inkişafı üçün yaxşı işlər görülür. İnşallah, həm "Rəvan", həm də Azərbaycan futbolu bunun bəhrəsini görəcək.
– "Rəvan"ın son oyunlarına diqqət yetirərkən, sizin də uğursuz çıxışınızın şahidi oluruq. Bu, qışda sizin komandadan göndərilmənizə səbəb ola bilər?
– Uğurlu alınmır? Nə bilim. Bunu sizdən eşidirəm. Futbolda hər bir şey ola bilər. Mən əlimdən gələni edirəm ki, komandama kömək edim.
– "Rəvan"dan əvvəl "Kəpəz"də çıxış edirdiz. Halbuki, bu klublara qədər iddialı komandalarda oynamısız. Hazırda autsayder komandada oynamaq sizə necə təsir edir?
– Bütün komandalar eyni deyil. Futbol elə bir sahədi ki, bu gün burdasan, sabah başqa yerdə. Hər bir vəziyyətə də hazır olmalısan. Həyat davam edir.
– İkinci dövrənin başa çatmasına 2 oyun qalıb. Komandanız bu oyunlara necə hazırlaşır?
– Bu oyunlara ciddi hazırlaşırıq. İnanıram ki, 3 xalı qazanan tərəf biz olacağıq.
EMİN SƏFƏROV





