“Xəzər Lənkəran” mərkəzi stadionunun direktoru Höccət Hacıyevin futbolinfo.az saytına müsahibəsi
– Bu gün azarkeşlərin məhkəməsində iştirak etmisiz. Sizin də orada ifadə verdiyinizi öyrəndik. Siz azarkeşlər haqqında nə dediz?
– Dünyanın istənilən derbilərində belə hadisələr baş verir. Mən də məhkəmədə bunları söylədim. Azarkeşlərin çılğın hərəkət etməsi normal haldı. Məhkəmədən onların buraxılmasını xahiş etdik. Dünyada baş verən belə hadisələrdə azarkeşlər həbs olunmur.
– Amma “Xəzər Lənkəran” – “Neftçi” oyununda baş verən bu hadisələrdən 2-3 gün sonra klub rəhbərliyi azarkeşlərdən narazı qaldığını bildirmişdi…
– Yox, biz heç zaman azarkeşlərimizdən narazı olmamışıq. Bizim azarkeşlərə qarşı münasibətimiz həmişə yaxşı olub. İndi də bunu sübut etmək istəyirik. Həmişə azarkeşlərimizi azad etmək yönündə işlər aparmışıq. Onlardan necə narazı olarıq? Onlar bizə dəstək olur, biz də onlara. Daim belə hadisələr olanda onların arxasında durmuşuq. Kim deyibsə biz azarkeşlərdən narazıyıq, bu, yanlış məlumatdı.
– Məhkəmənin davamı dekabr ayının 25-də olacaq…
– Bu, ilkin iclas idi. Ayın 25-də davam etdiriləcək. Həmin gün əsas məhkəmə olacaq.
– “Xəzər Lənkəran” klubu azarkeşlərin azad olunması yönündə nə kimi işlər görməyi planlaşdırır?
– Sözsüz ki, biz onların azad olunması üçün əlimizdən gələni edəcəyik.
– Polis orqanları azarkeşlərə qarşı şahid qismində çıxış edirlər. Onlarla söhbət etmisiz?
– Biz onların işinə qarışa bilmərik. Onlardan da xahiş etmişik ki, bu, yaxşı hal deyil. Dünya təcrübəsində belə şeylər olur.
– Azarkeşlərin arasında “Neftçi” fanatı da var. Onların rəhbərliyi ilə əlaqə saxlamısınızmı? “Ağ qaralar”ın rəhbərliyi də sizə kömək edəcəkmi?
– Rəhbərlik səviyyəsində bəlkə də danışıq olub. Mənim bundan xəbərim yoxdu.
ELSEVƏR





