"Qəbələ"nin müdafiəçisi Elnur Allahverdiyevlə azakeşlər arasında qalmaqal yaşanması artıq ənənə halını alıb desək, yanılmarıq. Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Neftçi" ilə qarşılaşmada azarkeşlər tərəfindən söyülən Allahverdiyev bunu klub tərəfindən hazırlanmış təxribat adlandırıb.
Elnurun dediklərinə qarşı tərəfdən münasibət öyrənmək üçün əvvəlcə, "Forza Neftçi" və "Neftçiliyik biz" fanklublarının rəhbərləri ilə əlaqə saxladıq. Ortaya maraqlı faktlar çıxdı. Sən demə Elnurun "Neftçi"azarkeşləri tərəfindən söyülməsinə səbəb Mahir Şükürov olub. Bəli, bəli Şükürov! Məhz qəbələli azarkeşlərin Mahiri söyməsini görən Elnur onları alqışladığına görə eyni aqibəti özü yaşayıb. Hər iki fan klub nümayəndəsi klub tərəfindən heç bir tapşırığın verilmədiyini, onları buna Elnurun özünün məcbur etdiyini bildirdilər. Hətta azarkeşlərin dediyinə görə Allahverdiyev özü də azarkeşlərə qarşı nalayıq ifadələr işlədib.
Daha sonra "Neftçi" klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin fikirlərini öyrəndik: "Bütün futbol ictimaiyyəti Elnurun dediklərinə və səmimiyyətinə inanmır. Axı necə olur ki, "Qarabağ"ın, "Xəzər Lənkaran"ın, "Neftçi"nin azarkeşləri pisdi, Elnur günahsız? Məncə, Elnur problemi özündə axtarmalıdı. O, peşəkar futbolçu olsaydı, azarkeşlərə reaksiya verməzdi. Hamı "Neftçi" klubunu da, Elnur Allahverdiyevi də yaxşı tanıyır".
Hər halda Allahverdiyevin intizamsız olması və azarkeşlərlə tez-tez problem yaşaması hər kəsə bəllidi. Bir müddət öncə "Qarabağ"la oyunda ağdamlı azarkeşlərə qarşı da xoşagəlməz davranışla yadda qalan futbolçu həmin dövrdə klub tərəfindən cəzalanmamışdı. Amma görünür bu cür halların qarşısını almaq üçün "Qəbələ" klubu mütləq "dikbaş" oyunuçusuna qarşı bir tədbir görməlidi.





