Azərbaycanda fəaliyyət göstərən FİFA meneceri Günel Rusmanın futbolinfo.az saytına müsahibəsi
 
– Menecerliyə maraq haradan yarandı?
– Bu haqda çox danışmışam axı… (gülür)
 
– Çətin işdi?
– Düzü, gələndə bu qədər çətin olduğunu bilmirdim. Əvvəlcə fikirləşirdim ki, futbolçunu kluba təklif edirəm, satıram, vəssalam. Amma işin içinə girəndən sonra gördüm ki, çox çətindi.
 
– Konkret nədə çətinlik yaranır?
– Hər şeydə. Bu, futbolçu bazarıdı. Əgər əşya bazarı olsa, daha asan olardı. Məsələn, mən stol satsaydım, bir aldığım qiymət olardı, bir də satdığım qiymət.
 
– Təəssüf ki, bunların dili var…
– Bəli, futbolçunun istəyi önəmlidi. Bundan başqa klubun şərtləri vacibdi. Onun oynadığı komandanın fikirləri də önəmlidi. Məsələn, hansısa klubun məşqçisi ilə danışıb, razılaşırsan, yuxarıdan kimsə deyir ki, götürmürəm. Hansısa problem yaranır. Həm futbolçunu, həm klubu, həm də ortada işləyənləri ələ ala bilmək çox çətindi.
 
– Ən asan transferiniz kim olub?
– Ən asan transferim Arif İsayevin AZAL-a keçidi olub. Rasim Ramaldanovun da işində o qədər çətinlik çəkmədim. Sadəcə, Rasimə təkliflər çox olduğundan hansını seçəcəyimizi bilmirdik.
 
– Rasimi istəyən digər klublar hansılar idi?
– Onu "Bakı", "Qəbələ", "İnter", "Neftçi", "Xəzər Lənkəran" heyətinə qatmaq istəyirdi. "Simurq" isə onu komandada saxlamaq istəyirdi.
 
– Ramaldanov pula görə "Xəzər Lənkəran"ı seçdi?
– Xeyr, pula görə yox. Çünki 3 klub Rasimə eyni məbləği təklif etmişdi.
 
– Bəs ən çətin transferiniz hansı olub?
– Hazırda "Neftçala"da bir futbolçum var. Açığı, o futbolçunun yeri divizion deyil. Sadəcə, iş elə gətirdi ki, mən ona oyununu göstərməsi üçün divizionu məsləhət gördüm. Qasan Qasanov var. Onun transferində çətinlik çəkdim. Çünki ilk dəfə idi ki, legioner transfer edirdim. Sənədləşmə işində çox çətinliyim oldu.
 
– Ümumiyyətlə, neçə transferiniz olub?
– Hardasa 5 transferim olub və 3-4 futbolçuya da kömək etmişəm.
 
– Görünür, əsasən Türkiyə klubları ilə işləyirsiz…
– Dillərini yaxşı bilirəm ona görə.
 
– Amma rus dilini də bilirsiniz…
– Rusiyanın futbol bazarı başqa cürdü. O bazara girmək istəyirəm, amma mən hələ o dərəcədə peşəkarlaşmamışam. Rusiyadan təkliflər var, oradan futbolçu göndərmək istəyirlər. Lakin mən əsas bizim futbolçuları xaricə göndərmək istəyirəm.
 
– Hansı transferin qazancı daha çoxdu? Yerli bazarda, ya necə…
– Xaricdən gələn futbolçularda qazanc daha çox olur. Bizim futbolçuları xaricə apardıqda da qazanc olur. Yenə deyirəm, əsas məqsədim xaricə yerli futbolçuları göndərməkdi. Mən futboldan başqa da bizneslə məşğulam. Ona görə qazanc olmasa da, əsas yerli futbolçularla işləyirəm. Bu yaxınlarda Türkiyədən gələn qonaqlar olub. Bir neçə bəyəndikləri futbolçular vardı ki, onlara mən özüm getməyi məsləhət görmərəm. Məsələn, "Adanaspor" Rauf Əliyevi istəyir. Hər bir məbləği də ödəməyə hazırdılar. Amma məncə, Raufun yeri ora deyil. Heç buna razı olmaram da.
 
– Türklərlə iş qurmaq necədi?
– Türklərlə təzə işləməyə başlayanda yalanlarını çox gördüyümdən onlarla işləmədim. Amma 4 ildi ki, Murad Daldıkı tanıyıram. Bu müddət ərzində ondan yalan görmədim. Buna görə də Murad bəylə işləmək olar. Onun idman direktoru olduğu "Şanlıurfaspor" Super Liqaya çıxmağa iddialıdı. Mən o komandaya sevə-sevə futbolçu verə bilərəm. Bundan başqa "Qalatasaray"ın seleksiyaçısı ilə də əməkdaşlıq edirəm. Əlavə olaraq Braziliyadan da menecerlə işləyirəm.
 
– Qışda kimisə yola sala biləcəksiz?
– Görək də, hələ iş gedir…
 
– Ad çəkə bilərsiz?
– Yox (gülür).. Uşaqları pis vəziyyətdə qoymaq istəmirəm. Bu fürsətədn istifadə edən klubların da süni qiymət artırmasını istəmirəm.
 
– Azərbaycana gələn legionerlər əsasən nə ilə maraqlanır?
– Əsas qazanc deyərdim. Hər gələn futbolçu yaşayış şəraitini də soruşur. Maşınla, evlə təmin olunmalarını istəyirlər. Təbii ki, bu, gəldiyi komandadan asılıdı.
 
– Bizim klublar xanımla işləməyə necə baxır?
– Klublarla heç bir çətinliyim yoxdu. Bir məsələ var ki, klublar ümumiyyətlə menecerlə işləmək istəmirlər, futbolçularla birbaşa danışmaq istəyirlər.
 
– Türkiyədən son günlərdə 2 nəfər qonağınız oldu. Onların xərcini kim çəkir?
– Oteldən başqa bütün xərclər mənlikdi.
 
– Bəs heç nə alınmayanda sizin xərclədiyiniz pullar batır?
– İşimiz budu… Gərək pul xərcləyəsən ki, sonra qazanasan. Əminəm ki, mən də Türkiyəyə getsəm, eyni hörmətlə qarşılanaram.
 
– Stadionlara gələn xanımlara birtəhər baxılır…
– Mən stadionda olanda heç kimi görmürəm. Xüsusilə də "Qarabağ"ın oyununda.
 
– "Qarabağ" azarkeşisiz?
– Bəli, "Qarabağ"ın oyununda fanatlıq edirəm.
 
– Gənc futbolçularla işləmək necədi?
– Bilirsiz, gənc futbolçulara az şərait yaradılır. Məsələn, futbolçu əvəzedicilərdəm gəlir, əsas heyətə düşməkdə çətinlik çəkir. Çünki artıq əsas heyət formalaşıb. Məşqçi əvəzedici heyətdən gələn futbolçuya heç olmasa, hər oyunda 5-10 dəqiqə şans verməlidi.
 
– Sizcə, bu, məşqçilərin öhdəsinə qoyulan tələblə bağlıdı?
– Bəli, mən də onu demək istəyirəm. Məşqçi gələndə rəhbərlik min öhdəlik verir. Komandanı çempion etməlisən, güclü transferlər və s. Bunlar 2 ayın içində həll olunası məsələ deyil. Bəs bu pərdə arxasında olan futbolçulara kim baxacaq? Onlar harda oynamalıdılar? 20 yaşlı futbolçu var ki, hələ də əvəzedici heyətdə oynayır. Bir dənə Qurban Qurbanov daha çox cavanlara şans verir. Məsələn, elə Bədavi Hüseynovu buna misal göstərmək olar.
 
– Məşqçilərdən danışdıq. Sizə məşqçi transferi ilə bağlı təkliflər olub?
– Türkiyədən müraciət olunmuşdu. Dedilər yaxşı məşqçi var, mən istəmədim. Mən məşqçilərlə işləmirəm.
 
– Xarici klublardan hansına azarkeşlik edirsiz?
– "Qalatasaray"lıyam. Açığını desəm, xarici klubların oyunçularını, mövqelərini o qədər də bilmirəm. Həm də "Qarabağ"ı çox sevirəm.
 
– "Qarabağ"a futbolçu təklif etmisiz?
– Xeyr. Çünki mənim onlara təklif edəcəyim futbolçu super olmalıdı. Əgər mən o kluba futbolçu satsam, o oynaya bilməsə, bu, yaxşı olmayacaq.
 
– Gənclərdən xaricə göndərmək istədiyiniz futbolçular olub?
– Xaricdən qonaqlar gəlmişdi. "Əlincə"də oynayan 15 yaşlı uşaqlar var. Onlar bu uşaqların futbolu bu cür davam etdirəcəyi təqdirdə çox irəli gedəcəkləri dedilər. Həmin uşaqların Almaniyaya getməsi ilə bağlı iş görürəm. Əgər həmin yaş qrupuna düşə bilməsələr, Bundesliqada oynayan klubların akademiyalarına qəbul edilməsinə çalışacam. İndidən akademiyalara 14-15 yaşlı uşaqlar aparmaq lazımdı. Çünki gələcəkdə bizim futbolu onlar qaldıracaq. Bir az aşağıya baxmaq, uşaqlarla işləmək lazımdı. Murad Daldık bura gələndə Antaliyaya gənc futbolçuların gələcəyini demişdi. Hətta onların çox yaxşı futbolçular olduğunu da söylədi. Amma sən gəl indi onları bizim komandalara təklif et. Bizim klubların bir xüsusiyyəti var. İlk sualları həmin futbolçunun hansı klubda oynaması ilə bağlıdı. Camaat Türkiyədən bura gəlir ki, futbolçuya baxsın. Bizim məşqçilərdən hansını futbolçu izləmək üçün xaricə aparmaq olar?
 
– Futboldan bu qədər söhbət bəs edər. Niyə Günel Rusman?
– Soyadım Rüstəmovadı. Rusmansa mənim şəxsi soyadımdı. Çox ünsiyyət dairəm yoxdu. Futbola aid insanlarla çox vaxt söhbət edə bilərəm. Amma yaxına buraxdığım dostlarım yoxdu. Deyə bilərəm ki, ailəmdən başqa hər kəslə məsafə saxlayıram.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: