"Sumqayıt"ın şərəfini qoruyan Kərim Diniyevin futbolinfo.az saytına müsahibəsi
 
– İlk iki dövrəni komandanız üçün necə dəyərləndirərdiz?
– Turnir cədvəlinə baxanda son pillədən qurtula bilmədik. Bəzi oyunları götürdsək, bu yerə layiq olmadığımızı düşünürəm. İnşallah, qarşıda 2 dövrə də var. Vəziyyəti dəyişmək olar.
 
– Sizcə, "Sumqayıt"ın uğursuz çıxış etməsinə səbəb nədi?
– Səbəb yəqin ki, qələbə çatışmamazlığıdı. Komandada yaş həddi orta hesabla 19-20-di. Buna görə də son nöqtəni qoya bilmirik. Bu da uğursuz çıxış etməyimizə səbəb olur.
 
– "Neftçi" qışda "Sumqayıt"da icarə əsasında oynayan futbolçularını geri çağıracağını bildirib…
– Biz müqavilə ilə "Neftçi"yə məxsususuq. Əgər komanda məni geri çağırırsa, deməli getməliyəm. Hələ "Neftçi" ilə müqaviləm var.
 
– "Neftçi"də əsas heyət uğrunda gedən rəqabətə tab gətirə biləcəksiz?
– "Neftçi"nin müdafiəsi zəif olmamalıdı. Təlim-məşq toplanışına gedərik, özümüzü yaxşı tərəfdən göstərməyə çalışarıq. İnşallah hər şey yaxşı olar.
 
– Müqaviləni qoyaq bir kənara. Hər şey sizin əlinizdə olsa, öz istəyinizlə "Neftçi"yə qayıdardız?
– "Neftçi" böyük bir klubdu. Hazırda Azərbaycanda top qovan futbolçuların 80-90 faizi orada oynamaq istəyər. Bu, mənim üçün də böyük şərəfdi.
 
– Atanızın baş məşqçisi olduğu "Rəvan"ın çıxışını necə qiymətləndirərdiz?
– Mən futbolçu kimi bu suala cavab verə bilmərəm. Yalnız ata və oğul kimi danışa bilərəm. Diniyevin oğlu kimi deyə bilərəm ki, "Rəvan"ın qələbə qazanmalı olduğu oyunlar çox olub. Məsələn, AZAL-la oyunu misal göstərmək olar. İnşallah, qışdan sonra onlarda da hər şey yaxşı olar.
 
– Diniyevin "Rəvan"a gəlişindən sonra komandada hansısa dəyişiklik hiss edilir?
– Mən kənardan gördüyüm qədər komandanın oyununda irəliləyiş var. Artıq komandanın oyunu sabitləşir.
 
– Atanızın başçılıq etdiyi komandaya keçməyi düşünmürsüz?
– Bir vaxtlar atamın başçılığı altında "Terek"in əvəzedici komandasında oynamışam. Amma sizi inandırım ki, indi belə bir söhbət yoxdu. Evdə də bu barədə söhbət belə getmir.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: