Dekabrın 18-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdi. Futbolinfo.az xəbər verir ki, tədbirdə Berti Foqtsun milli komandamızın “sükanı arxasında” qalması ilə yanaşı bir neçə qərar da qəbul olundu.
 
Bu qərarlardan biri də UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olması lisenziyalaşdırma prosesində A dərəcəli meyar (mütləq) kimi qəbul olunması barədə idi.
 
Əldə etdiyimiz məlumata görə, yığmanın baş məşqçisi Foqts futbolçuların fiziki hazırlığından narazı olduğu üçün vətəni Almaniyadan bu problemin həlli üçün təcrübəli məşqçilər gətirilməsini və onların klublara yerləşdirilməsini tələb edib. Bunun üçün də AFFA-nın baş katibi Elxan Məmmədov işə başlayıb, bir neçə məşqçiylə razılaşıb. İcraiyyə Komitəsində məsələ rəsmi həllini tapdıqdan sonra indi onları klublara yerləşdirmək qalıb. Bəs, görəsən, bu baxımdan klublarda vəziyyət necədi?
 
Asif Əsgərov, "Qarabağ"ın meneceri: "Bizim bu məsələ ilə bağlı heç bir problemimiz yoxdu. Bizdə fiziki hazırlıq üzrə məşqçimiz Çudomir Çakarovdu. "Qarabağ" futbol klubu olaraq bolqarıstanlı mütəxəssin işindən çox razıyıq".
 
Gündüz Abbaszadə, "Neftçi"nin mətbuat xitmədinin rəhbəri: "Bizim fiziki hazırlıq üzrə məşqçimiz Ruben Sellesdi. Bu sarıdan bizim problemimiz yoxdu. Biz məşqçimizin işindən çox razıyıq".
 
Hüseyn Cəbrayıloğlu, "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri: "Bu qərarla bağlı bizim heç bir problemimiz yoxdu. Bizim fiziki hazırlıq üzrə məşqimiz Covanni Melkiorredi. Onunla da müqaviləmiz var. İşindən də çox razıyıq ".
 
Eldəniz Yusifov, AZAL-ın mətbuat xidmətinin rəhbəri: "AFFA dekabrın 10-dan 13-dək qapıçı və fiziki hazırlıq üzrə məşqçilər üçün seminar təşkil etdi. Bizim hər iki məşqçimiz orada iştirak etdi. Hazırda fikizi hazırlıq üzrə məşqçimiz Tofiq Mustafayevdi. Bizdə vaxtilə fiziki hazırlıq üzrə məşqçilər əcnəbilər idi. Əvvəl təklif olunsun ki, biz də bunu dəyərləndirək. Bu, futbolumuzun inkişafı üçündüsə, niyə olmasın?"
 
Rəşad Məmmədov, "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri: "Qərarla bağlı məlumatımız var. Ancaq sizə onu deyə bilərəm ki, bu məsələ ilə bağlı "Sumqayıt"da heç bir problem olmayacaq".
 
Elvin Yaqubov, "Rəvan"ın mətbuat xidmətinin rəhbəri: "Düzdü, bu qərardan xəbərim var. "Rəvan"ın fiziki hazırlıq üzrə məşqçisi B kateqoriyalı Nazim Əliyevdi. Bununla bağlı bizdə heç bir problem yoxdu".
 
Rüstəm Allahverdiyev, "Simurq"un mətbuat xidtmətinin rəhbəri: "Bununla bağlı bizə heç bir məlumat verilməyib. Bizim fiziki hazırlıq üzrə məşqçimiz serbiyalı Aleksandar Karakliçdi. Onun da işindən razıyıq".
 
Səbuhi Məmmədov, "İnter"in mətbuat xidmətinin rəhbəri: "Bu məsələdən xəbərimiz var. Bununla bağlı bizdə heç bir qərar qəbul olunmayıb".
 
“Bakı” və “Qəbələ”dən məsələ ilə bağlı fikir öyrənə bilmədik. Ancaq bilirik ki, onlardan da eyni cavabı alacaqdıq. Belədə maraqlıdı, Almaniyadan gələn məşqçilər üçün harda yer tapılacaq? Ümumiyyətlə, o da maraqlıdı ki, klublarda – açıqlamalardan da göründüyü kimi – fiziki hazırlıq üzrə məşqçilər varsa, İcraiyyə Komitəsinin iclasında bu məsələ niyə belə təmtəraqla müzakirə olundu?
 
EMİN SƏFƏROV
Shares: