Türkiyənin "Fənərbaxça" klubunun prezidenti, daha doğrusu artıq sabiq prezidenti deyə biləcəyimiz Əziz Yıldırım oyun alqı-satqısında iştirak etdiyi üçün haqqında çıxan həbs və prezidentlikdən ömürlük məhrum olunma cəzalarını qəbul etmək istəməsə də, məhkəmənin qərarı belədi. Bu hadisə təkcə Türkiyə yox, ümumilikdə Avropa mətbuatında böyük səs-küy yaradıb. Yıldırım ölkəyə qayıtmazdan əvvəl Fransanın "Wall Street Journal"ına müsahibə verib. İş adamı şok açıqlamaları ilə diqqət çəkən müsahibəsində dövlətin bəzi qaranlıq oyunlar oynamaqda olduğunu deyib.
 
– Danışılmış oyunlarda iştirakınızla bağlı iddialar haqda düşüncələriniz nələrdi?
– Təbii ki, əvvəlcədən bunu söyləyirəm. Türkiyədəki bu iddia siyasi bir iddiadı və siyasət olaraq qiymətləndirilməlidi. Məhkəmənin verdiyi qərara hörmət etmirəm, onu qəbul etmirəm. Bu 2011-ci ildə bəzi xarici qüvvələrin Türkiyədə apardığı əməliyyatların davamıdı. Bu əməliyyat Türkiyədə Ergenekon və digər qalmaqalları idarə edən qüvvələrin idarə etdiyi məhkəmələrin qərarlarıdı. Türkiyədə hər şeyi öz əlinə ala bilən bir iqtidar yaratmaq üçün edilmiş bir mühakimədi. Nəticədə insanları etibarsızlaşdırmağa çalışırlar. Bütün bu iddialar 2005-06-cı illərdə qurulan Xüsusi Səlahiyyətli Məhkəmələrdə (ÖYM) icra edilir. Bizim bu iddiaların hamısı ilə bağlı ÖYM-lərdə istintaqlar açılıb və hələ də davam edir. 2012-ci ildə ÖYM-lər bağlandı. Amma bu iddialar hələ də edilir. Onlar qanuni cəhətdən heç bir araşdırma etmirlər. Onların tək bir hədəfi var idi, təlimat aldıqları kəsləri məhv etmək.
 
– Bütün mövzularda kənardan bir siyasi təsirin olduğunu deyirsiniz. Konkret olaraq kimləri nəzərdə tutursunuz?
– Türkiyədə bu gün etnik problemlər var, onlarla mübarizə aparan kəslərə terrorist damğası vuruldu. Türkiyədə Baş qərargah rəisi həbs edildi.
 
– Bütün bu işlərin arxasında Fətullah Gülənmi var? Belə düşünürsüz?
– Bunu mən düşünmürəm. Bunu Türkiyə cümhuriyyətinin baş naziri düşünür. 17 dekabr əməliyyatından sonra baş nazir çıxıb ÖYM-lərdə aparılan bütün iddiaların qurma olduğunu söylədi.
 
– Baş nazir yenidən mühakimə olunmağınızı istəyirmi?
– Müraciətimizdən sonra yeni bir qərar çıxarılacaqsa və yenidən mühakimə olunacağıqsa bunun üçün gözləmək lazımdı. İndi bu nöqtədə soruşduğunuz suala – "Bütün bu işlərin arxasında Fətullah Gülənmi var?" sualına cavab verirəm: Bəli, son 11 ildə Ak Parti Gülən Camaatı ilə Türkiyədə iqtidar qurub. Prokurorları, hakimləri, polisləri işdən azad etdilər. Bunlar camaatçıdı dedilər. Amma əslində bunu edən elə camaatçıların özləri idi. Məhkəmə qərarını verən hakimlərin dövlət, yoxsa hüquq adamı olduğuna qərar verə bilmirəm.
 
– Amma bu qədər illərdə sizdən başqa heç kim bu işlərin getdiyindən, planlar qurulduğundan niyə xəbərdar olmayıb?
– Günün şərtləri buna imkan vermir. Bu gün mənim gördüyümü baş nazir açıq və dəqiq olaraq söyləyir. Məhkəmədə qərar verən dövlətin adamıdımı? Bunun açıqlanmasını istəyirəm.
 
– Sizi niyə "silmək" istədiklərini düşünürsünüz?
– Mən 16 ildi "Fənərbaxça"nın prezidentiyəm. "Fənərbaxça" dövlətdən heç bir kömək almadan öz imkanlarıyla, tərəfdarlarıyla, idarəçiləriylə stadionunu və hər şeyini yaradıb. 16 milyon dollarlıq büdcədən 250 milyon dollarlıq büdcəyə çıxmışıq. Həmişə siyasətdən uzaq olmuşam. Biz klubu Atatürkün klubu olaraq tanıdırıq. Türkiyədəki bu prinsip Atatürkə qarşıdı. İndiki hakimiyyət onun çox önə çıxmasından məmnun deyil. Əsgərlərlə yaxınlığımıza görə də bizi qısqananlar var. Əslində məni Ergenekon qalmaqalına bağlamaq istəyirlər. Amma bunu edə bilmədilər, çünki əllərində sənəd, məlumat heç nə yox idi. Məni həbsə atdırmaq üçün danışılmış oyunlarla bağlı yalan uydurdular. Məhkəmə qərarlarını oxusanız, tamamilə böhtanlarla doludu.
 
– Atatürkçü "Fənərbaxça" ilə Ərdoğanı necə barışdıracaqsınız?
– Ən önəmli şey budu: "Tribunalara mən sahib ola bilmərəm. "Fənərbaxça"nın qanadları altında hər cür xəyalları olan insanlar var. İnsanlar düşüncələrini söyləyərkən mən onlara embarqo qoya bilmərəm. Bura bir idman klubudu. Lazım olanda mənim üçün də "istefa" deyə qışqırırlar. Ona görə də bu mövzuda bir problem olmamalıdı. Amma təəssüf ki, problemi yaradırlar.
 
– Yaxşı bunlar ölkədaxili proseslər çərçivəsində verilən qərarlardı deyək. Bəs CAS-ın qərarını necə izah edirsiniz?
– Türkiyə Futbol Federasiyası (TFF) Əziz Yıldırımla bağlı heç bir cinayət olmadığına qərar verdi. CAS və UEFA qərarları tamamilə Türkiyədəki polis təşkilatının hesabatlarına əsasən verilmiş qərarlardı. Məhkəmədəki yazışmalar UEFA-da diqqətə alınmadı. Türkiyədə də, UEFA-da da meydanda oyun alqı-satqısı olmadığı qəbul edilib.
 
– Siz ilk dəfə həbsdə yatıb-çıxdıqdan sonra baş nazirin "Fənərbaxça"nın prezidentliyindən ayrıl" kimi məsləhəti oldumu?
– Şəxsən özümə söyləmədi. Həbsdən çıxdıqdan sonra da onunla nə danışdım, nə görüşdüm. Amma vasitəçilərdən sonuncu seçkilərdə namizəd olmağımı istəmədiyini eşitdim. Daha sonra bəzi yaxınları belə bir şey olmadığını söylədilər. Mən öz iradəmlə namizədliyimi irəli sürdüm. "Fənərbaxça" konqresi hər kəsə lazımi cavabı verdi. Obyektiv yolla seçildim. Amma görünən odu ki, obyektiv yolla gələni, obyektiv yolla göndərmək istəmirlər. Bu da demokratiyanın bir ayıbıdı.
 
– Məhkəmənin qərarı necə icra olunacaq?
– Mən prezidentlikdən gedirəm. Bu qanunun tələbidi. "Fənərbaxça" bir neçə ay ərzində konqresi toplamalı və yeni prezidenti seçməlidi. Ona qədər isə hazırki idarə heyəti klubu idarə edəcək. "Fənərbaxça" hər şeyə özü qərar verəcək. Orada mən də daxil olmaqla heç kimin "Fənərbaxça" konqresinə müdaxiləsi ola bilməz.
 
– Özünüzdən sonra prezidentliyə kimin gələcəyini görürsünüz?
– Bu gün bunu burada söyləmək yanlış olardı. "Fənərbaxça" klubu özü layiq olanı seçəcək. "Fənərbaxça" ictimaiyyətinə və tərəfdarlarına təşəkkür edirəm. Planlaşdırılmış, istiqlal məhkəmələrinə bənzəyən bu mühakimənin qərarlarına isə hörmət etmirəm. Onun üçün vicdanım rahatdı və həbs cəzamı çəkəcəm. Qaçdı deyənlər üzr istəməlidilər. "Fənərbaxça"nın haqlılığı ortaya çıxacaq.
 
– Siyasətə girmək kimi düşüncəniz varmı?
– Siyasətə girmək niyyətim yoxdu, amma istəsəm də, istəməsəm də, Türkiyənin aktual məsələlərinə bundan sonra daha yaxın qalacam. 16 ildi bu klubun içinə siyasətin girməsinə imkan verməmişəm. Türkiyənin ən böyük vətəndaş cəmiyyəti qurumu "Fənərbaxça"dı. Bunu önümüzdəki günlərdə də görəcəyik.
 
– Məhkəmə prosesində Ərdoğanın "Fənərbaxça"ya faydası olduğu iddia edildimi?
– Hörmətli baş nazir həqiqətən qanunu dəyişməsi və cəzanın yüngülləşməsi üçün işlər görüb. Onun üçün mən də ona təşəkkür edirəm.
 
– Məhkəmə qərarı açıqlandıqdan sonra "Fənərbaxça"nın hissələri 8 faiz ucuzlaşıb. Bazar dəyəri isə 2 milyard dollardan 800 milyon dollara enib…
– "Fənərbaxça"nın nələrlə məşğul olduğunu hər kəs görür. Bütün iddiaların başladığı dövrdə mənimlə əlaqədar əməliyyat başladı. Ergenekonu yaradandakı düşüncə nədisə, məni də oraya bağlamağa çalışdılar. "Fənərbaxça" tək deyil. Klublar Birliyinə rəhbərlik etmişəm. Mən bu komandaya liderlik etmişəm. Nə olur olsun, siyasətçilər belə güclü bir klubdan onlara dəstək olmasını istəyirlər. Biz həmişə neytral mövqedə dayanmışıq. "Fənərbaxça" Türkiyə cümhuriyyətinin komandasıdı. Heç bir hadisədə heç kimi istiqamətləndirməyib və bu bəzi insanları narahat edir.
 
– Yenidən mühakimə olunma gündəmə gələrsə, bunu necə qarşılayarsız?
– Ədalətli olacaqsa, bunu məmnuniyyətlə qarşılayarıq. Ört-bas edilən şeylər var. Böhtan atmasınlar, hər şey sübutla olsun. Bu halda veriləcək hər cəzaya razı olaram. Biz qanunsuz mühakimə olunduğumuz üçün bu qərarları tanımıram.
 
– Son günlər Türkiyədə yaşanan etiraz dalğaları ilə bağlı nə düşünürsünüz?
– Bunu özümə saxlamaq istəyirəm.
 
– Klub prezidentliyindən getmiş sayılırsız. Digər işləriniz nə yerdədi? Yəqin ki, iş adamı kimi fəaliyyətiniz davam edəcək…
– Dövlətdən son 15 ildə heç bir iş almamışam. Kiçik tenderləri bizim mühəndislər götürür. Bunları çıxmaq şərti ilə heç bir böyük iş görməmişik. Bankdan kredit alıb gəmi istehsalına başlamağa çalışıram. İki tankerim var, onları icarəyə verirəm. Bunları çıxmaq şərtilə hər şeyimi "Fənərbaxça"ya həsr etmişdim.
Shares: