“Barselona”da böyük çaxnaşmalara səbəb olan Neymar transferində hər gün yeni iddialar ortaya atılmağa başlanıb. Futbolinfo.az xəbər verir ki, indi də “sambaçı”nın keçidinin məhkəmə tərəfindən araşdırılmasında katalonların əzəli rəqibi Madrid “Real”ının da əli olduğu bildirilib.
Belə ki, “Kral Klubu” da “Barsa” kimi Neymarı heyətə qatmağa çalışsa da, bunu bacarmamışdı. Futbolçu seçimini Kataloniya təmsilçisinin xeyrinə etdiyindən "Real" qisas almaq fikrinə düşüb.
Nəticədə onlar “Barselona”nın Neymar transferində saxtakarlıq etdiyini başqa şəxslər vasitəsilə önə sürüblər.
Qeyd edək ki, məsələ ilə bağlı araşdırma davam edir. Ötən günlərdə “Barsa” prezidenti də məhz bu iş ucbatından istefa vermişdi.





