Formula 1 rəhbərliyi Yaxın Şərqdəki münaqişə səbəbindən yaranmış nəqliyyat böhranı fonunda mövsümün açılışı olan Avstraliya Qran-Prisinə əsas komanda heyətinin vaxtında çatmasını gerçəkləşdirmək üçün üç çarter reysi təşkil edib.

Çempionatın açılış mərhələsi 6-8 mart tarixlərində Melburnda keçiriləcək. Adətən, hər yarışda komanda heyəti, təşkilatçılar, rəsmilər, media və digər nümayəndələri də daxil olmaqla təxminən 1500 nəfərlik heyət iştirak edir.

Bu insanların bir çoxunun regionun ən böyük nəqliyyat mərkəzləri olan Dubay, Əbu-Dabi və Dohadan Avstraliyaya uçması planlaşdırılırdı. Lakin ABŞ – İsrail hücumuna cavab olaraq İranın hərbi obyektlərə raket zərbələrindən sonra bu ölkələrin hava məkanı bağlanıb.

“The Athletic”in xəbərinə görə, Avropada olan heyətin vaxtında gəlməsini təmin etmək üçün F1 təxminən 400 paddok işçisi üçün üç çarter reysi təşkil edib. Oxşar təcrübə 2020-ci ildə COVID-19 pandemiyası zamanı da tətbiq olunmuşdu.

“Bütün yüklər buradadır və yola düşməyə hazırdır, ona görə də yarışa heç bir təsir göstərməyəcəyinə tamamilə əminik. Sürücülər, mühəndislər, komanda rəhbərləri burada olacaq – prioritet onlardır”, – deyə Avstraliyadakı mərhələnin direktoru Auld bildirib.

Yarış üçün lazım olan bütün yüklər, o cümlədən 22 avtomobil münaqişə başlamazdan əvvəl Melburna çatdırılıb.

Shares: