2020-ci il olimpiya çempionu və dünya reytinqinin 3 nömrəsi Aleksandr Zverev Almaniyanın Münhen şəhərində keçirilən ATP-500 turnirində ikinci raund matçına “Bayern”in cinah oyunçusu Maykl Olisehin formasını geyinərək çıxıb. O, meydançaya çıxmazdan əvvəl məşq zamanı da bu formanı geyinib.
Almaniyalı tennisçi ikinci raundda kanadalı Qabriel Diallonu 6:1, 6:2 hesabları ilə məğlub edib.
Xatırladaq ki, “Bayern” Çempionlar Liqasının yarımfinalı yolunda Münhendə “Real”ı məğlub edib. Zverev sevimli komandasını tribunadan dəstəkləyib. “Bild”in məlumatına görə, o, matçdan sonra komandanın paltardəyişmə otağına da baş çəkib.
Zverevin Münhendəki növbəti rəqibi dünya reytinqinin 19-cusu argentinalı Fransisko Çerundolo olacaq.






