Mövsümün nüfuzlu velosiped yarışı olan “Vuelta”da 11-ci mərhələyə yekun vurulub.
Bu dəfə iştirakçılar İspaniyanın Kartaxena ilə Lorka şəhərləri arasında məsafəni geridə qoyublar. Maraqlı mübarizə şəraitində keçən yarışda qalib növbəti dəfə fotofinişlə müəyyənləşib.
Fəxri kürsünün ən üst pilləsinə “Visma” komandasının britaniyalı üzvü Mettyu Brennan yüksəlib. O, 151,3 km məsafəni 3 saat 17 dəqiqə 18 saniyəyə qət edib. “Kofidis” komandasının fransalı velosipedçisi Brian Kokar ikinci yerlə kifayətlənib. BORA kollektivinin üzvü olan Yordi Meus isə 3-cü yeri tutub.
Çempionatın lideri Enrik Mas bu dəfə 54-cü nəticəni göstərib. Buna baxmayaraq, “Movistar” komandasının ispaniyalı üzvü ümumi sıralamada 35 saat 59 dəqiqə 2 saniyəlik göstərici ilə liderliyini qoruyub. Ondan 1 dəqiqə 18 saniyə geridə qalan “Red Bull” komandasının nümayəndəsi Primoj Roqliç 2-cidir. “Decathlon” komandasında çıxış edən avstriyalı Feliks Qall isə hazırda 3-cü sıradadır.
