Rusiya idman naziri və ölkənin Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyaryov rusiyalı idmançıların Beynəlxalq Xizək İdmanları və Snoubord Federasiyasının (FIS) yarışlarında iştirak üçün imzalayacağı neytrallıq bəyannaməsinə münasibət bildirib.
Deqtyaryov qeyd edib ki, sənəddə Rusiyanın Ukraynada həyata keçirdiyi işğalçılıq siyasətinin və hərbi əməliyyatların pislənilməsi ilə bağlı hər hansı tələb olmamalıdır. O bildirib ki, rusiyalı idmançıları ölkənin və hərbçilərin fəaliyyətini pisləyən sənədləri imzalamağa məcbur etməyə imkan verməyəcəklər.
Nazirin sözlərinə görə, neytrallıq bəyannaməsi həqiqətən neytral olmalı, Rusiya Konstitusiyasına və qanunlarına zidd müddəalar ehtiva etməməlidir. O, yarışlarda iştirak etmək və qalib gəlmək istəyən rusiyalı idmançıların dəstəklənəcəyini vurğulayıb.
