İspaniyanın “Deportivo” klubunun hücumçusu Pyer-Emerik Obameyanq Qabon milli komandasında çıxışını başa vurduğunu açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, futbolçu bu barədə RMC Sporta açıqlamasında bildirib.
Forvard bu qərarı Qabon hökumətinin Tyer Müyumanın rəhbərlik etdiyi məşqçilər korpusunu qalmaqallı şəkildə buraxmasından, milli komandanın fəaliyyətini dayandırmasından, həmçinin komandanın bu ilin yanvarında Afrika Millətlər Kubokunda uğursuz çıxışından sonra müdafiəçi Brüno Eküel-Manqanın və Obameyanqın oyunlardan kənarlaşdırılmasından sonra qəbul edib.
Qabon yığması həmin turnirdə qrupda sonuncu yeri tutaraq heç bir xal toplaya bilməyib.
Bir neçə gün sonra rəsmilər qərarlarını yenidən nəzərdən keçiriblər və 37 yaşlı hücumçuya milli komandaya qayıtmaq imkanı yaradılıb. Lakin futbolçu sonda beynəlxalq karyerasını tamamilə başa vurmaq qərarına gəlib.
“Onlar məni alçaltdılar və bütün günahı mənim üzərimə atdılar. Halbuki Afrika Millətlər Kubokunda zədəli halda oynayırdım. Bu, son damla oldu və mən artıq burada dayanmağa üstünlük verirəm. Düşünürəm ki, komandanın problemləri mənim kimi sadə bir şəxslə bağlı məsələlərdən daha dərindir”, – deyə o əlavə edib.
Klub karyerasını isə qabonlu futbolçu İspaniya çempionatında davam etdirir. O, yayda Fransanın “Marsel” klubundan “Deportivo”ya keçib və artıq La Liqanın ilk üç turunda üç qol vurub.
