Topaz Premyer Liqasının 13-cü turuna yekun vuruldu. Və növbəti dəfə aydınlaşdı ki, çempionluq uğrunda "Qarabağ" ilə "Neftçi" aşkar mübarizə aparır. Futbolinfo.az xəbər verir ki, hər iki komanda keçirdiyi 13 oyundan sonra aktivinə 28 xal yazmaqla qızıl medallara əsas iddiaçılar olduqlarını ortaya qoyub.
 
Liderlik yarışında mübarizə aparan hər iki klubu hələ ciddi narahat edən yoxdu. Belə ki, hər iki klubun 3-cü yerlə 5, 4-cü yerlə isə 10 xallıq fərqi var. Sadəcə, zirvə şəriklərinin qələbə və büdrəmələrində maraqlı məqamlar var.
 
Belə ki, “Qarabağ” ilk 3 turda "İnter"i səfərdə 2:1, evdə Sumqayıtın eyniadlı komandasını 5:1 və “Xəzər Lənkəran”I 2:0 hesablatıyla məğlub edərək xallarının sayını 9-a çıxardır. “Neftçi” də eyni qaydada "Simurq"u 1:0, "Rəvan"ı 2:0, AZAL-I 4:1 hesabı ilə yenir.
 
4-cü turdan sonra "Qarabağ" ilə "Neftçi" arasında olan "qonşuluq münasibətləri” pozulur. Belə ki, "Qarabağ" səfərdə güclü rəqib hesab edilən "Qəbələ"ni əvəzedici heyət ilə yeganə qol sayəsində məğlub etdiyi halda, "Neftçi" çətin Lənkəran səfərindən qolsuz sülhlə qayıdır.
 
5-ci turdan ağdamlıların ilk yenilgisi qeydə alınır. Gözlənilmədən AZAL-a uduzan “Qarabağ”I "Neftçi"nin də “Bakı”ya məğlubiyyəti sevindirir. Ancaq Qurban Qurbanovun yetirmələrinin uğursuz oyunları sıralanır. Bu dəfə “Rəvan”la xal bölən əyalət klubu "Neftçi"nin "İnter"i yenib ona çatmasına şərait yaradır. 7-ci turda çempionluğa oynuyan hər iki komandanın qol silahları susur. "Qarabağ" evdə “Simurq”,"Neftçi" isə audsayder "Sumqayıt"la bərabərə qalır. 8-ci turda onların şəxsi oyunlarında da qol olmur.
 
9-cu turda əzəli rəqiblər çətin qələbələrlə özünə gəlir – "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Bakı"nı birinci hissədə vurduğu 3 qolun hesabına darmadağın edirsə, "Neftçi" Qəbələdən 3 xalla qayıdır. 10-cu turda ağdamlılar “Sumqayıt”ı darmadağın edirsə, “Neftçi” “Rəvan”ı yenir. Növbəti turda Qurbanovun yetirmələri Lənkərandan darmadağınla qayıdırsa, bakılılar Nazim Süleymanovun baş məşqçi kimi debüt matçında "Simurq"la xal bölür. 12-ci turda isə hər iki komanda çətin rəqiblərlə qarşılaşır. Turnir cədvəlinin lideri "Qarabağ" "Qəbələ"ni dramatik matçda 4:3 yenir,"Neftçi" “Xəzər Lənkəran”ı 4:1 hesabı ilə darmadağın edir.
 
Və nəhayət, son turda yenidən xallar bərabərləşir. "Qarabağ" ilk dövrədə məğlub olduğu AZAL-dan yalnız bir xal qoparmağı bacarırsa, “Neftçi” 10 nəfərlə mübarizə aparmasına baxmayaraq, ilk dövrədə 0:3 hesabıyla məğlub olduğu "Bakı"nı məğlub edir – 2:1. Beləliklə, 11-ci turda baş verən ssenari 13-turda da təkrarlanır. Hər iki komanda 28 xal toplayaraq liderlik yarışını davam etdirirlər.
İndi əzəli rəqiblər bir-birini uzağa buraxmadan, növbəylə büdrəməklə hamidan öndədi. Onların mövsümün sonunacan belə didişəcəyini ehtimal etmək olar. Digər iddialıların əksəriyyəti çox geridədi, ən real rəqib olan “Qəbələ” isə qeyri-sabit oyun göstərir. “Neftçi”ylə “Qarabağ” hazırda çempionluğa ən ciddi iddiaçılar hesab olunur. Onlar həm heyəti, həm də sərgilədikləri oyunla buna layiqdilər. Sonda isə yəqin ki, bu tempi qoruya bilən sevinəcək.
 
EMIN SƏFƏROV
Shares: