Formalarında “Azerbaijan Land of Fire” daşıyan İspaniyanın “Atletiko” klubunun başı dərddədi. Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisinin idman direktoru Xose Luis Kaminero narkotik qaçaqmalçılığında və “çirkli pullar”ın yuyulmasında ittiham olunur.
İspaniya prokurorluğu narkotik alveri ilə məşğul olan şəbəkələrlə əlaqəsi təsbit edilən və oradan gələn pulları “yumaqda” günahlandırılan Kaminero barəsində 4 il həbs, eləcə də, 4 milyon avro pul cəzası istəyib.
Prokurorluq Kamineronun cinayətkar şəbəkə ilə sıx əlaqədə olduğunu, “çirkli pulların yuyulması”ndan faiz götürdüyünü önə sürüb. Bildirilir ki, “Atletiko”nun idman direktoru 1989-1993 ve 1998-2004-cü illərdə “Valyadolid”, 1993-1998-ci illər aralığında “Atletiko”nun heyətində futbolçu kimi çıxış etdiyi vaxtlar da bu cür cinayət tərkibli işlərlə məşğul olub.
Qeyd edək ki, Kaminero 2008-ci ildə Madridə polis tərəfindən saxlanılarkən, onun maşınından 100, 200 ve 500 avroluk bankonatlar şəklində 58 min 500 avro nağd pul çıxmışdı. Polis pulların Madriddə fəaliyyət göstərən kolumbiyalı və meksikalı mafiyaya məxsus olduğunu iddia etmişdi. Ancaq Kaminero həmin vaxt girov qarşılığında azadlığa çıxa bilmişdi. (apasport.az)





