Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Qırğızıstan yığması ilə yoldaşlıq matçı öncəsi bu gün Bişkekdə mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis öncə Estoniyaya məğlubiyyətə toxunub:
“Talllinndə pis oynamadıq. İki səhv etdik. Ona gör də, estoniyalılar qələbə qazandı. Qol şanslarımız olsa da, istifadə edə bilmədik".
Foqts daha sonra qırğızlarla görüşdən danışıb: "Burada olduğumuz üçün şadıq. Dostlarla qarşılaşacağıq. Futbolçular meydanda yox, meydandan kənarda da insanlara lazımdı. Burada xoş münasibət gördük. Belə oyun bizə vacibdi. Millidə həmişə ən yaxşı futbolçular oynayır. Belə matçlarda eksperimentlər aparırıq. Gələcək işlər barədə başqa söz deyə bilmərəm".
Foqts bildirib ki, yoldaşlıq matçı olmasına rəğmən, meydana qələbə üçün çıxacaqlar: “Futbol elə oyundu ki, hamı qələbə qazanmaq istəyir. Rəqib də qələbə üçün meydana çıxacaq, biz də. Sabah bəzi mövqelərdə yenə dəyişikliklər edəcəyəm. Hər bir futbolçu səhv edə bilər. Mənim də səhvim olur. Amma eyni səhvi iki dəfə təkrar etmək olmaz”.
Millimizin baş məşqçisi heyətdəki itkilərə də toxunub: “Kamran Ağayevlə Rəşad Sadıqov yaxşı futbolçulardı. Lakin onların olmamağı problem deyil. Siz jurnalistlərin sevimli futbolçuları var”.
Almaniyalı mütəxəssis “Qırğızıstandan dəvət alsanız qəbul edərsiniz” sualına bir qədər düşünərək, belə cavab verib: "Bilmirəm. Burada futbol inkişaf etməyib”.
Foqts “Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo Silvanın milliyə dəvət olunma ehtimalına da toxunub: “Bu suala AFFA cavab verə bilər. Milliləşdirmək barədə sualı AFFA-ya verin. Əgər futbolçu başqa ölkənin millim komandasında oynamaq istəyirsə, FİFA-ya məlumat verilməlidi. Mən çox şey deyə bilmərəm”.
Foqts “Neftçi”yə “ilişməyi” də unutmayıb. Almaniyalı çalışdırıcı “Neftçi”nin futbolçusu Mahir Şükürovun artıq çəkidən əziyyət çəkməsi ilə bağlı sualı ironiya ilə cavablandırıb. O, bildirib ki, bunun səbəbini ən yaxşı “Neftçi” rəhbərliyi bilər: “Bu sualı “Neftçi” nümayəndələrinə verin. Onların Sadıq Sadıqov kimi yaxşı prezidenti və onun tanınmış məsləhətçisi var”. (apasport.az)





