"Sumqayıt"ın prezidenti Kamran Quliyevin futbolinfo.az saytına müsahibəsi
 
– Kamran Quliyevin futbola gəlişi necə oldu?
– Dəqiq desəm, 2009-cu il oktyabrın 29-da AFFA-ya işə götürüldüm. Məni işə dəvət edən Elxan Məmmədov oldu. İlk vəzifəm də texniki direktorun müavini oldu. Orda təşkilat işlərinə baxırdım.
 
– Necə oldu ki, AFFA-da təşkilat işləri ilə məşğul olan biri "Sumqayıt" klubuna prezident seçildi?
– Mən AFFA-ya gəldikdən sonra il yarım orada işlədim. 2011-ci ildə kluba gəldim. Məni bura klubun təsisçiləri və "Azərkimya"nın rəhbəri dəvət etdi.
 
– Rəhbəri olduğunuz komandanın bumövsümkü çıxışını necə dəyərləndirərdiz?
– Hazırda sonuncu pillədəyik. Ona görə də buna nə biz, nə də azarkeşlər sevinə bilər. Birinci gündən qoyulmuş məqsədlər yenə də qüvvədədi. Məncə, bu işlər müvəffəqiyyətlə davam edir. Premyer Liqanın iddialı klublarına və milliyə futbolçu veririk. Məqsədimiz də Sumqayıtda futbolu inkişaf etdirməkdi.
 
– Qeyd etdiyiniz kimi, "Sumqayıt" hazırda autsayderdi. Düşünmürsüz ki, bu gedişlə komanda 1-ci diviziona yuvarlana bilər?
– Mən autsayder sözünü xoşlamıram. Turnir cədvəlində axırıncı yerdəyik. Amma həftənin, bir neçə ayın autsayderi ola bilməz. Komandamız çalışır. İddialı klublardan xal almışıq. Problem gənc futbolçuların təcrübəsizlikləridi. O da düzələcək. Siz jurnaslistlər autsayder deyirsiz. Amma bizim "Rəvan"la fərqimiz cəmi bir xaldı. Divizion məsələsinə gəldikdə, hər şey ola bilər. Biz təslim olan tərəf olmayacağıq. Dünyda çox klublar olub ki, birinci dəstəyə düşüb, yenidən elitaya qalxaraq çempion olub. "Sumqayıt" Premyer Liqaya lazımdı. İnanıram ki, yaxşı olar.
 
– Milliyə futbolçu yetişdirən komandanın sonuncu pillədə olmasının əsas səbəbi nədi?
– Klubun sağlam olması, sabit çıxış etməsi üçün şərait lazımdı. Burada 3 əsas məqam var. Birincisi, düzgün təməli olan klub olmalıdı. İkincisi, bu klub maliyyə baxımından çətinlik yaşamamalıdı. Üçüncüsü isə infrastrukturdu. Bura baza, akademiya və s. aiddi. Bizdə artıq bunların ikisi var. Düzgün təməlimiz var və bazamız yüksək səviyyədədi. Bir sözlə, hər şey var, yalnız nəticə yoxdu. Burada da bir məsələ var ki, maliyyə baxımından daha zəngin olmalıyıq.
 
– Yəni nəticənin olmaması maliyyədən asılıdı?
– Ən azından 2 dəfə artıq büdcəmiz olsa, rəqabətə tab gətirə bilərik və nəticə də olar.
 
– Ötən mövsüm Bernard Raab müsahibələrinin birində "rəhbərlik qarşıma mövsümü tək rəqəmli pillədə başa vurmaq hədəfini qoyub" demişdi. Aqil Məmmədovun qarşısına hansı şərtlər qoyulub?
– Biz ötən il 10-cu yeri tutduq, bu dəfə də 10-cu yerdən yuxarını tutmaq şərti (gülür)… Təbii ki, bunun üçün şərait yaratmalıyıq ki, işləsin. Biz müasir futbol oynamağa çalışırıq. Bu da Raab tərəfindən qoyulmuş təməlin davamıdı. Aqil Məmmədova da bunu davam etdirmək tapşırılıb. Tələb isə çox böyük dəyişikliklər olmadan, komandanı Premyer Liqada saxlamaqdı.
 
– Raabın komandada gördüyü işlərdən razısız?
– Raab "Sumqayıt"da gözəl təməl qoymuşdu. Komandanı yetişdirirdi. Yalnız yerli futbolçulardan ibarət komanda qurmuşdu. Bundan başqa Raab Premyer Liqada iştirakı zamanı bizə çox xeyir verirdi. Bütün vaxtını komandaya sərf edirdi. Bazanın tikintisində də gəlib öz tövsiyyələrin verirdi. Klubun qurulmasında, strukturun yaradılmasında böyük kömək etdi.
 
– İşindən razı qaldığınız birini niyə komandada saxlamadız?
– Raabın bizimlə olan müqavilə müddəti artıq başa çatmışdı. Biz ona qərar vermək üçün 2 həftə vaxt vermişdik. Vaxt tamam olanda məşqçidən bizə cavab gəlmədi. Ona başqa təkliflər də vardı, hətta yığma komandaların birindən də təklif gəlmişdi. Onun da niyyəti başqa komandayla işəmək idi. Ona görə də qalmadı.
 
– Aqil Məmmədovun işi sizi qane edir?
– Məmmədovun işinə qiymət vermək üçün gözləmək lazımdı. Ona asan iş tapşırılmayıb. Komandanın başında durmaq, Premyer Liqada saxlamaq böyük məsuliyyət tələb edir. Məsələn, onun gəlişindən sonra komandada nizam-intizam səviyyəsi artıb. Nə də olmasa, yerli məşqçidi, yerli futbolçuları daha yaxşı başa düşür. Bütün yaş qruplarının oyunlarını izləyir və öz məsləhətlərini verir. Hələ məşqçi olaraq gəncdi, ona şans vermək lazımdı.
 
– Belə bir xəbər yayılıb ki, Məmmədov qışda komandadan göndəriləcək…
– Belə deyək də, mən sizin mənbələrinizdən danışmayacam. Amma deyə bilərəm ki, Aqilin işi pis deyil. Söhbət təkcə nəticədən getmir. Onun qışda getməsi hazırda gündəmdə deyil.
 
– Peşəkar Futbol Liqası (PFL) cari mövsümdən etibarən reqlamenti dəyişdi. Sizcə, hansı sistem daha yaxşıdı?
– 2012/13 mövsümündə PFL və AFFA tərəfindən klubarla bu barədə görüş keçirildi. Mən bütün bu görüşlərdə iştirak etdim. Onu deyə bilərəm ki, 6-lıq sistemi tam yaxşı alınmadı. Mən 4 dövrəni də tam dəstəkləmirəm. Amma yaxşı olardı ki, Premyer Liqada ən azı 12, 16 komanda olsun və çempionat iki dövrədə keçirilsin.
 
– Hazırda büdcəsi ilə nəticəsi uyğun gəlməyən "Bakı" və "Xəzər Lənkəran"ın çıxışı barədə nə deyə bilərsiz?
– Mən bu haqda danışmaq istəməzdim. "Xəzər Lənkəran" Azərbaycanda öz infrastrukturuna diqqət yetirən klubdu. Öz stadionuna malik olmaq böyük bir şeydi. İstənilən azarkeş Lənkəran stadionuna gedəndə zövq alır. "Bakı" da böyük klubdu. Böyük işlər görür. Əməkdaşlıqları artırır. Hər iki komandaya uğurlar arzulayıram.
 
– Mərc şirkəti "Topaz"ın Premyer Liqaya sponsorluq etməsi nə dərəcədə düzgündü?
– Söhbət "Topaz"ın sponsorluğundan yox, kimin sponsorluq etmək istəməsindən gedir. Hər çempionatın öz sponsuru var. Bizdə bu il "Topaz", ötən il "Unibank" idi. Əgər PFL-in önündə seçim olsaydı, PFL mərc şirkətini seçməzdi. Yaxud da olub, amma şərtlər uyğun gəlməyib. Məncə müqavilə imzalanmazdan əvvəl hazırlıq işləri görülüb ki, oyunlar mərcə qoyulmasın. Şəxsən mən onu deyə bilərəm ki, "Sumqayıt" bu işlərə qarışmır, yalnız futbolunu oynayır. Demək istəyirəm ki, "Topaz"ın çempionatımıza sahib çıxmasını normal qarşılayıram.
 
– Söhbətin əvvəlində sizi AFFA-ya gətirənin Elxan Məmmədov olduğunu bildirdiz…
– AFFA-da işləyən hər kəs Elxan Məmmədovun razılığı ilə gəlir.
 
– Həmin Məmmədov ki, "Sumqayıt"a yaxınlığı ilə seçilir…
– Biz ötən il 10-cu olduq. Bu mövsüm isə sonuncu pillədəyik. Əgər siz nəzərdə tutduğunuz yaxınlıq mövcuddusa, biz axırıncı yerdə olardıq?
 
– Amma "Sumqayıt" bir neçə il bundan əvvəl 1-ci Diviziona getməli olduğu halda, elitada qaldı…
– Bunun səbəbi başqadı. Bizim aşağı dəstəyə düşməməyimizə səbəb digər klubların lisenziyasının yoxluğu oldu. Bunun Elxan Məmmədova heç bir aidiyyatı yoxdu.
 
– Millinin DÇ-2014-ün seçmə mərhələsindəki nəticəsini necə qiymətləndirərdiz?
– Mən yaxşı qiymət verərdim. Nəzərə almalıyıq ki, Rusiyadan, Şimali İrlandiyadan xal almışıq. Birdən-birə heç nəyə nail olmaq olmaz. Əsas odu ki, məqsəd olsun. Millinin də məqsədi var. Əvvəllər biz seçmə mərhələsində 9 xal qazanmamışdıq, ancaq indi qazandıq. Növbəti illərdə isə 9 yox, 13, 15, 16 xal hədəfləmiliyik. Mən millinin nəticələrini irəliləyiş kimi qəbul edirəm.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: