Şimali İrlandiyayla oyuna qədər Azərbaycan futbol ictimaiyyəti Berti Foqtsun millidən getməli olduğunu söyləyirdi. Futbolinfo.az xəbər verir ki, millimizin irlandları məğlub və ruslarla heç-heçə etməsi vəziyyəti bir xeyli dəyişdi.
 
Belədə Foqtsun yığmada qalmasını istəyənlərin sayı artdı. Hər halda, indiyə qədər heç kim millimizin "sükanı arxasında" almaniyalı mütəxəssis kimi 9 xal toplaya bilməmişdi. Ancaq cümə günü Estoniyaya məğlub olduqdan və çərşənbə axşamı Qırğızıstanla heç-heçə etdikdən sonra Foqtsa qarşı antipatiya cücərtiləri yenidən formalaşmağa başladı.
 
Düzü, "bizə bir gün belə, bir gün elə" məşqçi lazım deyil. Əlbəttə, Azərbaycan kimi iddiasız komanda heç vaxt daimi yüksəlişdə olmayıb. Amma biz ona görə əcnəbi mütəxəssisin ətəyindən yapışmışıq ki, bizə sabitlik gətirsin. Bu mənada isə Foqtsun komandası hələ çox yol qət etməyib.
 
Hazırkı vəziyyətdə görünən odu ki, AFFA almaniyalı mütəxəssislə yollarını ayıracaq. Yəni yuxarıda oturanlar da yaxşı bilir ki, növbəti tsikldə belə oyunla xal rekordu qırılmayacaq və yığmamız heç bir böyük turnirə vəsiqə qazanmaq uğrunda mübarizə aparmayacaq. Yəni Foqts milliyə bundan artığını vermək gücündə deyil. Deməli, yığmanı qaldığı yerdən daha keyfiyyətli məşqçi daşımalıdı. Bəs həmin mütəxəssis kim olmalıdı? Biz bu suala cavab verə bilməsək də, hansı növ məşqçilərin səmərəli olduğunu proqnozlaşdıra bilərik.
 
Müəmma
 
Nədənsə ölkə futbol ictimaiyyəti arasında belə bir fikir formalaşıb ki, Berti Foqtsu Qurban Qurbanov əvəzləməlidi. Buna səbəb Qurbanovun "Qarabağ"da qurduğu uğurlu məşqçilik karyerasıdı. Düzdü, AFFA-da oturanlardan tutmuş adi azarkeşlərə qədər bəziləri Qurbanovun yığmada özünü "yandıracağ"ını iddia edirlər. Amma gəlin etiraf edək ki, gələcəkdə nə olacağını heç kim deyə bilməz. Hər halda Qurban bəyin lehinə və əleyhinə işləyən məqamlar var. Amma belə məqamda adı çəkilən mütəxəssisin "Qarabağ"ı atıb yığmanın "sükanı arxasına" keçəcəyi inandırıcı görünmür. Üstəlik, AFFA-da əyləşənlər də bu gənc mütəxəssisin xidmətində elə də maraqlı deyil.
 
Böyük ehtimalla AFFA ölkədə səviyyəli yerli məşqçi qıtlığını nəzərə alıb yenə də əcnəbi axtarışına çıxacaq. Ancaq federasiyada işləyənlərin hansı coğrafiyaya nəzər salacaqlarını isə söyləmək çətindi. Buna qədər Almaniya modelinə sadiq qalan AFFA-nın bu dəfə eyni ölkədən kimisə tora salacağı inandırıcı görünmür. Əslində, Avropadan Azərbaycanı tanımayan və bizə yuxarıdan aşağı baxan ölkələrdən məşqçi dəvət etməyə dəyməz. Karlos Alberto Torres və Berti Foqts nümunəsi göz önündə olduğu kimi, klub səviyyəsində də Con Benjamin Toşakın yarıtmazlığını görürük. Deməli, belə xəyallarla yaşamağa dəyməz. Milli komanda üçün əcnəbi axtarırlarsa, ancaq bizim psixologiyamıza bələd olan yaxın ölkələrdən çalışqan məşqçiləri dəvət etmək lazımdı.
 
Dənizli ölkədən Günəş doğarsa
 
Hazırda millimiz üçün ən ideal görünən ölkə Türkiyədi. Düzdü, bir qədər dərindən düşünsək, bu ölkənin özündə də Fatih Terimdən yüksək səviyyəli məşqçinin olmadığını görərik. "Ay-ulduzlular" hansı əcnəbi mütəxəssisə tapşırılırsa tapşırılsın, TFF enində-sonunda yenə də gedib "İmperator"un ətəyindən yapışır. Ancaq bu faktın özü də Türkiyədə yüksək səviyyəli mütəxəssislərlə bağlı qıtlığın yaşanması demək deyil. Hazırda bu ölkədə heç bir komandada çalışmayan yetərincə özünü sübut etmiş məşqçilər var. Buna misal olaraq Mustafa Dənizliylə Şenol Günəşin adını çəkmək olar. Hər ikisinin uğurlu karyerası göz önündədi. Üstəlik, adıçəkilən məşqçilər Türkiyə millisində də uğurlu çalışıb. Mustafa Dənizli "ay-ulduzlular"ı AÇ-2000-in final mərhələsinin 1/4 finalına çıxarıbsa, Şenol Günəşin yetirmələri 2 il sonra dünya üçüncülüyünü qazanıb. Onların bizim psixologiyanı digər əcnəbilərdən yaxşı biləcəyinə isə şübhə etməyə dəyməz. AFFA-nın onlarla maliyyə məsələsini həll etməklə bağlı problem yaşayacağını söyləmək yersizdi. Bir məqamı da nəzərə alaq ki, bir neçə il öncə Mustafa Dənizli Azərbaycan millisindən dəvət gələcəyi təqdirdə onu dəyərləndirə biləcəyini söyləmişdi.
 
MDB-dən, heç olmasa, Rumıniyadan
 
Azərbaycana MDB məkanında da öz sözünü demiş bizə tanış olan simaları gətirmək olar. Əlbəttə, bu mənada konkret ad çəkmək çətindi. Məsələn, biz Rusiyaya nəzər salsaq, hansısa kənarda qalan yüksək səviyyəli çalışdırıcını tapmaqda çətinlik çəkərik. Ancaq belə baxanda Yuri Syominin "Qəbələ"dəki fəaliyyəti, Sergey Yuranın kasıb "Simurq"dakı normal iş prinsipləri diqqət çəkməyə bilməz. Ukraynadan isə Konkovla Demyanenkonun vaxtıyla futbolumuza təkan olduğunu unutmaq lazım deyil. Bir sözlə, belələri azərbaycanlıları qərbi avropalılı və cənubi amerikalılardan daha yaxşı tanıyacaq.
 
Yeri gəlmişkən, elə Rumıniyaya da elçi düşmək pis olmazdı. Məsələn, AFFA-nın Mirça Redniki istəyəcəyi halda, məqsədinə çatmayacağına şübhə etmirəm. Ümumiyyətlə, vaxtıyla Azərbaycanda işləyən əcnəbi çalışdırıcılar bizim futbolçuları yaxından tanıdığından onların burada böyük problem yaşamayacağı dəqiqdi. Yəni, söhbət oyunçularımızı tanımaq nöqteyi-nəzərindən gedir.
 
Əlbəttə, biz saydığımızı saysaq da, AFFA öz bildiyini edəcək. Kim bilir, bəlkə də Foqtsu saxlayacaqlar. Bəlkə də almanla sağollaşandan sonra ispan və ya italyan modeli haqda fikirləşəcəklər. Ancaq kimi gətirirlər gətirsinlər, yığma meydana çıxanda normal müdafiə olunmaqla yanaşı hücum qurmağı da bacarsın. Bir məşqçi Foqtsdan artığını edə bilməyəcəksə, dağa-daşa düşməyin mənası olmayacaq…
 
CAVAD
Shares: