"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşacağı AZAL-la oyuna hazırlığı başa vurub. Futbolinfo.az xəbər verir ki, cənub təmsilçisi bir qədər öncə son məşqini tamamlayıb.
"Ağ-yaşıllar" qarşıdakı oyunla əlaqədar yekun hazırlıq prosesinə tam heyətlə qatılıblar. Bir müddət idi zədəli olan yarımmüdafiəçi Uğur Pamukla Ağabala Ramazanov da məşq prosesində iştirak edib. Amma cənubluların bir oyunçusu məşqi tamamlaya bilməyib. Belə ki, hücumçu Etame Mbilla əzələ dartılması səbəbindən hazırlıq prosesini yarıda tərk etməli olub. Yüngül zədəsi olan futbolçunun AZAL-la görüşdə meydana çıxıb-çıxmayacağı sabah bilinəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın bu məşqini klub prezidenti Mais Mənsimovla yanaşı digər klub rəsmiləri Tuyqun Nadirovla Höccət Hacıyev də izləyib.





