Almaniya Bundesliqasının 9-cu turu maraqlı hadisə ilə yadda qalıb. Futbolinfo.az xəbər verir ki, turun açılış matçında "Bayer" səfərdə "Hoffenhaym"ın qonağı olub.
Qonaq komandanın hücumçusu Kislinqin 71-ci dəqiqədə başla vurduğu zərbə qapıdan yan keçib. Lakin top yandan tora daxil olub və baş hakim qol qeydə alıb.
Azərbaycan futbolunda belə bir hadisə qeydə alınmasa da, maraqlı qolla bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun fikirlərini öyrəndik. Məmmədov istənilən halda baş hakimin günahkar olduğunu bildirib:
"Qapı torlarının yoxlanılmasını yan hakimlər həyata keçirir. Fasilədə isə dördüncü hakim bu işi yerinə yetirir. Ola bilər ki, tor yoxlandıqdan sonra və ya fasilə zamanı cırılıb. Lakin, istənilən halda baş hakim günahkardı".
Qeyd edək ki, oyunu idarə edən Feriks Briç oyundan sonra "Hoffenheym" azarkeşlərindən üzr istəyib.





