Dünən Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilmiş "Bakı" ilə səfər matçında rəqib komandanın hücumçusu Rauf Əliyevin 11 metrlik cərimə zərbəsini dəf edən "İnter"in qapıçısı Georgi Lomaya komandasının qələbəsində ən böyük pay sahiblərindən biri oldu. Gürcüstanlı qolkiper futbolinfo.az saytına açıqlamasında oyunla bağlı fikirlərini bildirib:
"Oyun çox çətin keçdi. "Bakı" yaxşı komandadı. Amma biz qələbə qazanmağı daha çox istəyirdik. Görünür, məhz bunun nəticəsi idi ki, sonda istəyimizə nail olduq".
 
Lomaya Əliyevin penaltisini qaytardığı epizodu da şərh edib. Maraq üçün xatırladaq ki, Georgi həmin epizodda öncə Raufa yaxınlaşaraq ona nəsə dedi. "Çərçivə"yə döndükdən sonra isə Raufa solunu göstərən qapıçı zərbə anında sağa tullanmaqla penaltini dəf etdi: "Penalti epizodunda Raufa yaxınlaşdım. Amma ona sadəcə topu lazım olan yerə qoymağı dedim. Çünki topu çox irəli qoymuşdu. Penalti lotoreyadı. Burada bəxt daha çox rol oynayır. Mən orada başqa küncü göstərsəm də, özüm digər küncə tullanaraq topu tutdum. Bəxt də mənim tərəfimdə idi. Düzü, həmin zərbəni dəf edəcəyimi əvvəlcədən hiss edirdim".
Shares: