"Arsenal"ın istedadlı futbolçusu Aaron Remsinin hər dəfə qol vurmasından sonra bir məşhur insanın ölmə ənənəsi hər kəsə məlumdu. Məsələn, 2008-ci ildə "Kardiff"dən London klubuna transfer olunan oyunçu 2011-ci ilin mayın 1-də "Mançester Yunayted"in qapısına yol tapandan sonra "Əl-Qaidə"nin lideri Üsamə Bin Laden öldürülmüşdü. Futbolçu həmin ilin oktyabrın 2-də "Tottenhem"lə görüşdə fərqlənəndən sonra "Apple" şirkətinin sahibi Stiv Cobs ölmüşdü.
 
Uelsli yarımmüdafiəçi 2011-ci ilin oktyabrında Marsel “Olimpik"inə qol vurmuş, ardınca Liviya lideri Müəmmar Qəddafi öldürüldü. Aaron 2012-ci ilin fevralında "Sanderlend"ə qol vurandan sonra məşhur müğənni Uitni Hyuston ölüb.
 
Və son olaraq Remsi srağagün "Kardiff"lə premier-liqa matçında fərqləndi. Dünən isə dünya kinomanları məşhur "Forsaj" filminin baş qəhrəmanı Pol Uoker avtomobil qəzasında dünyasını dəyişməsi xəbəri ilə sarsıldı.
 
Növbəti qurbanın hansı məşhur şəxsiyyət olacağı böyük müzakirə mövzusudu.
Shares: