Futbol üzrə 21 yaşlılardan ibarət yığma komandamızın və "Sumqayıt"ın hüçumçusu Nurlan Novruzovun futbolinfo.az saytına müsahibəsi
 
– Son turda "Neftçi" ilə oyununuz kifayət qədər gərgin keçsə də, sonda uduzan tərəf siz olduz…
– Həqiqətən də, çox gərgin qarşılaşma oldu. "Neftçi" ilə mübarizədən çəkinmirdik. Yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Rəqin ani səhvlərdən istifadə edib qalib gəldi.
 
– Oyunun baş hakimi Fariz Yusifovun idarəçiliyindən narazı qaldız…
– Ümumiyyətlə, heç bir hakim haqqında danışmağı sevmirəm. Mənim vurduğum qolu görməyibsə, yəqin Erik Ramosun əllə oynamasını da nəzərdən qaçırıb.
 
– "Sumqayıt"ın elitada qalmaq şanslarını necə dəyərləndirirsiz?
– Komandamızın nəticələri ürəkaçan olmasa da, meydanda var gücümüzlə çalışırıq. Güclü futbolçularımız var. Növbəti turlarda lazım olan xalları yığıb, son pillədən uzaqlaşacağımıza inanıram.
 
– Azərbaycan Kubokunda "Bakı" ilə qarşılacaqsız. Bu matça necə hazırlaşmısız?
– "Neftçi" ilə oyunu unudub, bütün fikrimizi bu matça yönəltmişik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
 
– "Sumqayıt"da icarə əsasında oynayırsız. Məxsus olduğunuz "Bakı"ya qarşı oynamaq sizdə hansı hisslər yaradır?
– Vallah, bütün oyunlara eyni hazırlaşıram. Meydanda lider olacağıma və komandama qələbə qazandıracağıma inanıram. İnşallah, belə də olar.
 
– "Bakı" sizin bu qarşılaşmada meydana çıxmağınıza qarşı olsa, bu, sizə necə təsir edər? Müqavilənizdə bununla bağlı xüsüsi bir bənd var?
– "Bakı" belə bir addım atsa, mənə pis təsir edər. Amma belə qərar verəcəklərinə inanmıram. Məni bura oynayıb, özümü inkişaf etdirməyim üçün göndəriblər. Sağ olsunlar ki, bu cür qərar vermirlər.
 
– "Bakı"nın çıxışını izləyirsiz?
– Bəli, izləyirəm. Son turlarda nəticələri elə də ürəkaçan deyil.
 
– Sizə doğma olan bu komanda üçün darıxırsızmı?
– Əlbəttə, orada mənim çox yaxın dostlarım var. Onlarla tez-tez görüşsək də, insan yenə darıxır. Legioner futbolçular da məni tez-tez axtarırlar.
 
– Geri dönəcəyiniz təqdirdə, heyətə düşəcəyinizə inanırsız?
– Fikrimcə, rahat oynayaram. Lazım olan təcrübəni "Sumqayıt"da yığmışam. Buna görə də "Sumqayıt" klubunun rəhbərliyinə və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Onların mənim üzərimdə əziyyətləri var. Bunu heç vaxt unutmaq olmaz.
 
– "Bakı" rəhbərliyinin qışda sizi geri qaytarmaq ehtimalı var? Bununla bağlı sizinlə danışıq olmayıb?
– Bunu indi danışmaq istəmirəm. 3 turdan sonra bu barədə danışarıq. Hələ ki, "Sumqayıt"da oynayıram. Əlimdən gələni edib, bu kluba çox xeyir vermək istəyirəm. Bütün fikrim indiki komandamın oyunlarındadı.
 
– "Bakı" ilə oyunda özünüzü sübüt etmək barədə düşünürsüz?
– Yox. Bu oyun mənim üçün digərlərindən fərqlənməyəcək. Sadəcə, ən azı Premyer Liqada rahat oynaya bildiyimin şahidi olacaqlar. "Sumqayıt" azarkeşlərinə minnətdarlığımı bildirirəm ki, ürəkaçan nəticələrimiz olmasa belə, bizi tək buraxmırlar.
 
EMİN SƏFƏROV
Shares: