Azərbaycan kubokunun 1/8 finalında “Şuşa” ilə qarşılaşan “İnter” rəqibini böyük hesabla məğlub edib. Futbolinfo.az xəbər verir ki, 7:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayan paytaxt təmsilçisi 1/4 finalda “Neftçi” ilə qarşılaşacaq.
Qarşılaşmadan sonra komandaların çalışdırıcıları matçla bağlı fikirlərini açıqlayıblar:
Nadir Qasımov, “Şuşa”nın baş məşqçisi: “Komanda çox zəif oynadı. Həftədə iki oyun oynamaq bizim üçün çətindi. Xüsusən də, “İnter” kimi komandaya qarşı. Əsas müdafiəçilərin zədəli olması, çempionatda ardıcıl üç ağır oyun keçirməyimiz özünü göstərdi. Hesab da göstərdi ki, komanda lazımi səviyyədə deyil. Bu da nəticəyə öz təsirini göstərdi. Yeganə müsbət cəhətimiz odu ki, əzmkar oyun nümayiş etdirdik”.
Roman Cəfərov, "İnter"in məşqçisi: "Bu gün "Şuşa"ya qarşı gözəl oyun nümayiş etdirdik. Ustalıq səviyyəsi baxımından "İnter" daha üstün idi. Hesabdan və oyundan razı qaldıq. Daha çox qol vura bilərdik. Növbəti oyunlarda bu uğuru davam etdirmək lazımdı. Növbəti mərhələyə keçdiyimiz üçün şadam”.





