Yəqin ki, cari mövsüm Çempionlar Liqasında ən həyəcanlı qrup B qrupudu. Ona görə yox ki, ölkəmizdə də kifayət qədər azarkeşi olan "Qalatasaray" bu qrupda mübarizə aparır. Çünki B qrupu 1/8 finala vəsiqənin əldə olunması baxımından ən həyəcanlı qrupdu.
Futbolinfo.az xəbər verir ki, əksər qruplarda pley-offlara çıxanların adları bəlli olsa da, məhz B qrupunda işlər sonuncu tura qalıb. Dekabrın 10-da İstanbulda baş tutacaq "Qalatasaray" – "Yuventus" qarşılaşmasında qalib gələn komanda pley-off qapılarını aralamış olacaq.
Həlledici matçdan öncə "Yuventus"un aparıcı futbolçusu Corcio Kyellini Turində həmkarlarımızın suallarını cavablandırıb. UEFA-nın ilin rəmzi komandasına namizəd göstərdiyi 40 oyunçu arasında yer alan ulduz oyunçu matça böyük önəm verdiklərini və ciddi şəkildə hazırlaşdıqlarını bildirib.
– Bir müddət öncə verdiyin açıqlamada İstanbuldakı matçın həyati önəm daşıdığını söyləmişdin. Hələ də belə düşünürsən?
– Bəli. Bizim üçün final matçı kimi olacaq. Çünki son 16 komanda arasına girmək üçün mübarizə aparacağıq. Önəmli bir matç olduğunu düşünürəm. Bizim üçün heç-heçə belə kifayət edir. Ancaq səfərdə oynayan bir klub kimi və "Qalatasaray"ın güclü rəqib olduğunu nəzərə alaraq matçın gərgin keçəcəyini düşünürəm.
– Bu, həm də onlar üçün də həyati bir matç olacaq. "Qalatasaray"ın stadionundakı atmosferə hazırsızmı?
– Tamamilə hazırıq. "Boloniya" ilə matçdan sonra bütün enerjimizi, atəşli bir azarkeş kütləsi və oyunçuların qazanmaq üçün maksimum müqaviməti ilə qarşılaşacağımız matça yönəldəcəyik. Onlar kimi biz də meydanda hər şeyimizi ortaya qoyacağıq.
– Andrea Pirlo uzun müddət zədəli olacaq və bu matçda forma geyə bilməyəcək. Bu, komanda üçün ciddi itki hesab oluna bilərmi?
– Pirlonun yoxluğu çox önəmlidi, bunu inkar etmək olmaz. Dəyişik mövqelərdə yaxşı oyunçularımız var. Ancaq Andreanın yerində oynamağı sınamaq qeyri-mümkündü. Çünki dünyada yalnız bir Pirlo var. Onun tərzində futbolçu tapmaq qeyri-mümkündü.
– "Yuventus" şübhəsiz ki, sənin də bir parçası olduğun müdafiədən ötrü 6 matçdı ki, A seriyasında qapısında qol görmür. Roberto Mançininin "Qalatasaray"dakı müdafiə anlayışı haqqında nə düşünürsən?
– Bir komandanın top buraxmamasının yalnız müdafiədən asılı olduğunu düşünmürəm. Bunu Mançininin komandası üçün də söyləyə bilərəm. Onun komandası çox qol "yeyirsə", deməli bu yarımmüdafiə və hücum oyunçularının yaratdığı boşluğun balanssızlığa səbəb olmasından qaynaqlanır. "Qalatasaray" müdafiəsində güclü futbolçular var. Ancaq komandanın əsl ulduzları yarımmüdafiə və cinahlardadı.
– "Qalatasaray"da səni xüsusilə narahat edən bir oyunçu varmı?
– "Qalatasaray"ın ən təhlükəli futbolçusu deyiləndə hər kəsin ağlına dərhal Didye Droqba gəlir. Ancaq bunu yalnız onunla məhdudlaşdırmaq olmaz. Uesli Sneyder, Burak Yılmaz və Felipe Melo kimi təhlükəli oyunçuları da var. Əlbəttə, diqqət yalnız bu ulduzların üzərində olmamalıdı, bütün komanda bizi qorxutmalıdı. Ancaq açıq deyim ki, bizim də güclü futbolçularımız var.
– Turindəki matçda Droqba ilə baxımlı mübarizəniz oldu. İstanbulda da gözəl bir duel izləyə biləcəyikmi sizdən?
– Əlbəttə, hər hücumda onunla böyük mübarizə aparacağımız qətidi. Duelimiz Turindəki kimi idman çərçivəsində olacaq.
– Sabiq məşqçilərindən Fabio Kapello İstanbuldakı matçın taleyini hakim seçiminin həll edəcəyini söylədi. Sən bu haqda nə düşünürsən?
– Məncə, hakimlərdən çox oynayacağımız matça köklənməliyik. Hakimlər ən son narazı olacağımız kəslər olmalıdı.
– Roberto Mançininin Türkiyədəki çıxışını qənaətbəxş hesab etmək olarmı?
– Mançini hazırda bizim sistemimizdən tam fərqli bir yerdə çalışır və qısa zamanda ora adaptasiya olması asan deyil. Ondan tez bir zamanda uğur qazanması gözlənilməməlidi. Xüsusilə də üzərində bu cür ÇL təzyiqi varkən. Türkiyə çempionatının onun üçün asan keçmədiyini bilirəm. Amma "Qalatasaray"ın superliqada yuxarı pilləyə çıxması üçün hələ çox zamanı var.
– Gələn il Braziliyada təşkil ediləcək Dünya Çempionatının püşkatma mərasiminə çox az vaxt qalıb. İtaliya üçün püşkatmada nə arzu edirsən?
– Püşkatmalar həmişə sürprizlərlə dolu olur. DÇ-2010-un püşkatmasında istədiyimiz kimi bir qrupa düşmüşdük. Amma ən pis nəticəni əldə etdik. Halbuki AÇ-2012-də İspaniya və Xorvatiya kimi güclü komandaların olduğu bir qrupdan finaladək getməyi bacardıq. Buna görə də hər hansı bir ölkə seçimim yoxdu.
– "Qalatasaray" azarkeşlərinə xüsusi bir mesajın varmı?
– Hər kəs üçün möhtəşəm bir matç olmasını diləyirəm. Əlbəttə ki, bunun doğru və idman çərçivəsində yaşanması ən önəmli amildi.
AMİN





