"Əşi, bizimkilər nə bilir futbol nədi? Boş qapıya da top vura bilmirlər. Vur, ə vurda, vurdanaaa, ay səni"! Azərbaycan çempionatının oyunlarını izləməyə gələrkən bu sözləri mütləq eşidə bilərsiz. Bəlkə də, bu sözlərin müəllifi elə özünüz olarsız.
 
Futbol elə bir idman növüdü ki, burada hüçumçular hər zaman diqqət mərkəzində olur. Bu da təsadüfü deyil. Axı futbolun əsas gözəlliyi olan qollar daha çox ön xətt oyunçuları tərəfindən vurulur. Transfer pəncərəsi zamanı klubların yaxşı hücümçu almaq üçün bir-biri ilə yarışa girməsi də təsadüfi deyil. Onlar hətta bunun üçün milyonlar xərcləməkdən də çəkinmirlər. Elə dünyanın ən bahalı futbolçularının Lionel Messi, Qaret Beyl və Kriştianu Ronaldo kimi hücumçular olması da buna əyani sübutdu. Düzdü, bu yazıda çempionatımızda çıxış edən hüçumçuları adı çəkilən futbolçularla müqayisə etmək fikrində deyiləm. Çünki bizimkilərin nəinki Messi, Ronaldo, Beyl, heç Avropa klublarının ehtiyatda qalan oyunçularıyla da müqayisə olunmasına hələ çox var. Amma bizim hücumçularla bağlı yaralı yerimiz olan dişsizlik problemini qabartmamaq olmur.
 
Bu gün futbolumuzun çoxsaylı problemlərindən biri də hüçum xəttində oynayan forvardların az qol vurmasıdı. Oyunlarda vurulan qollar futbolun bəzəyi hesab olunur. Qolsuz bitən qarşılaşmalar isə qarasız aşı xatırladır. 2011/12, 2012/13-cü il mövsümlərinə nəzər salsaq, yerli hüçumçuların əlinin duzunun olmadığının şahidi olarıq. Geridə qalan 2 mövsüm ərzində bizim aşımıza qaranı əcnəbilər hazırlayırdı. Vəli Qasımov, Nazim Süleymanov və Samir Ələkbərov kimi hüçumçular yetişdirmiş Azərbaycan futbolu indi onların yoxluqlarını Branimir Subaşiç, Cihan Özkara, adı belə adamın dilinə yatmayan Pərdis Fərcad-Azad kimi futbolçuların milliləşdirilməsiylə unutdurmağa çalışır. Ancaq nə fayda?
 
Ötən iki mövsüm ərzində milli çempionatımızda çıxış edən legionerlər sözün həqiqi mənasında "at oynatdılar". Əvvəlcə Bahodir Nasimov 16 qol vurmaqla yeli hüçumçuları kölgədə qoymağı bacardı. Nasimovun ardınca növbəti mövsümdə Nikolas Kanales 26 qol vuraraq legionerlərin bombardiri oldu. Çünki, bombardirlər sırasında heç bir yerli futbolçu yox idi. Düzdü, ötən mövsüm Pərdis Fərcad-Azad "Sumqayıt"ın heyətində 9 dəfə fərqlənmişdi. Ancaq sözügedən futbolçunun da əslən azərbaycanlı olmadığını nəzərə alsaq, yerli oyunçularımızın halına sadəcə, ağlamaq qalırdı.
 
Bu mövsüm şahid olduğumuz mənzərə bir az fərqlidi. Topaz Premyer Liqasının geridə qalan 15 turu ərzində yerlilərimiz at oynatmasa da, az-çox qol vurmağı bacarıblar. 15 turdan sonra bombardirlər siyahısında 8 futbolçu yer alır. Bunlardan cəmi ikisi yerli futbolçulardı. Aktivinə 8 qol yazdıran "İnter"in hüçumçusu Vaqif Cavadov bombardir olmağa iddialı namizədlərdən biridi. Cavadovu 6 qolla "Bakı"dan Əfran İsmayılovla onun komanda yoldaşı Mindauqas Kalonas izləyir.
 
Əfran İsmayılovun yarımmüdafiədə oynadığını nəzərə alsaq, onun qarşıdakı turlarda bu iddiadan əl çəkəcəyini düşünmək olar. Elə Vaqif Cavadovun da mövsümün sonuna kimi hamıdan öncə qalacağına zəmanət vermək çətindi. Çünki "İnter"in forvardı geridə qalan 15 tur ərzində bombardirlərin siyahısında yer alan oyunçularla müqayisədə meydanda daha çox olub – 1287 dəqiqə. Elə isə maraqlıdı, Kalonas (1207), Reynaldo (1182), Leonardo da Silva (1023), Baçana Sxadadze (995), Nikolas Gelaşvili (974), Bahodir Nasimov (739) kimi futbolçular da Vaqif qədər meydanda olsaydı, yenə də zirvədə Cavadov ola bilərdimi? Məhz bu məqamı nəzərə alsaq, mövsümün gedişində yığmamızın forvardının ən məhsuldar futbolçu olmaq şanslarının çox da yüksək olmadığını demək olar.
 
Vaqif Cavadov (İnter) – 1287 dəqiqə, 8 qol,
Mindauqas Kalonas (Bakı) – 1207 dəqiqə, 6 qol
Əfran İsmayılov (Bakı) – 816 dəqiqə, 6 qol
Reynaldo (Qarabağ)  -1182 dəqiqə, 5 qol
Leonardo da Silva (Qəbələ) – 1023 dəqiqə , 5 qol
Baçana Sxadadze (İnter) – 995 dəqiqə, 5 qol
Nikolas Gelaşvili (Qarabağ) – 974 dəqiqə, 5 qol
Bahodir Nasimov (Neftçi) – 739 dəqiqə, 5 qol
 
Bombardirlərdən söz düşmüşkən, 1-ci divizion və əvəzedicilərin çempionatındakı ən məhsuldar oyunçuların da siyahısına nəzər salmaq pis olmazdı. Çox təəssüf ki, gələcəkdə hücumçularla bağlı problemin yoluna düşəcəyinə ümid bəsləyə bilmərik. Məsələn, 1-ci dəstədə 12 turdan sonra ən yaxşı bombardir David Janalidzedi – 11 qol. Bir sözlə, ötən mövsümlərdə Premyer Liqamızda müşahidə olunan biabırçılıq artıq bu mövsümdən aşağı diviziona da ayaq açıb. Düzdü, "Araz Naxçıvan"ın gürcü forvardını yerli futbolçular izləyir. Amma onların da siyahısına nəzər saldıqda, hansınınsa sabah elita klubunda peyda olunacağına inam bəsləmək olmur.
 
David Janalidze (Araz Naxçıvan) – 11 qol
Ceyhun Abdullayev (Neftçala) – 9 qol
Novruz Ələkbərov (Qaradağ Lökbatan) – 7 qol
Əli Bağırov (Karvan) – 7 qol
Məhəmməd Bədəlbəyli (MOİK) – 7 qol
Elvin Adışirinli (Şuşa) – 7 qol
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində bombardirlər siyahısında əcnəbi futbolçuya rast gəlməsək də, burada da ürəkaçan mənzərənin şahidi ola bilmirik. Məsələ burasındadı ki, 16 oyundan sonra burada ən çox qol vuran futbolçuların hesabında cəmi 13 qol var. Bir sözlə, Azərbaycanın bu gedişlə hücumçu çatışmazlığından hələ çox əziyyət çəkəcəyini demək olar.
 
Oruc Balaşlı (Simurq) – 13 qol
Mirsahib Abbasov (İnter) – 13 qol
Cavid Muxtarzadə (Neftçi) – 11 qol
Ramil Mansurov (İnter) – 11 qol
 
EMİN SƏFƏROV
Shares: