"Sumqayıt"ın qapıçısı Anar Nəzirovun futbolinfo.az saytına müsahibəsi
 
– Azərbaycan Kubokunda son dəqiqədə buraxılan qol nəticəsində "Bakı"ya məğlub olduz…
– Düzdü, kubok oyununda son dəqiqə qolu komandamıza pis təsir etdi. Buna baxmayaraq, yaxşı mübarizə apardığımızı düşünürəm. Hazırda isə bütün fikrimizi "Bakı" ilə çempionatdakı oyunumuza yönəltmişik. Komandamız kubok görüşü də daxil olmaqla, 4-5 turdu yaxşı oyun nümayiş etdirir. Gözəgəlimli futbol oynasaq da, qələbə qazana bilmirik.
 
– Kubok oyununda çıxış etməməyinizin səbəbi nə idi?
– Qolumda və çiynimdə ağrılar var idi. Ona görə də həkimlər bu matça çıxmamağımı məsləhət gördülər.
 
– Sizin yoxluğunuzda qapı Elçin Sadıqova tapşırılmışdı. Sadıqovun çıxışını necə qiymətləndirirsiz?
– Sadıqov çox istedadlı qapıçıdı. Elçinin ilk oyunu olmasına baxmayaraq, yaxşı çıxış etdiyini düşünürəm.
 
– Qapıda siz olsaydız, "Sumqayıt"ın oyunu əlavə vaxta aparmasına kömək edə bilərdiz?
– Bu, futboldu. Kim deyərdi ki, biz sonuncu dəqiqədə qol buraxacağıq? Bərabərlik qolunu vurduqdan sonra hər kəs oyunun uzatmalara gedəcəyini düşünürdü. Fikrimcə, son dəqiqədə buraxılan qol yaranan arxayınlıq nəticəsində oldu.
 
– "Bakı" ilə kubok matçından cəmi bir neçə gün sonra yenidən bu klubla qarşılaşmaq sizin nəticə qazanmağınıza nə dərəcədə kömək edə bilər?
– Hər iki komanda bir-birini yaxşı tanıyır. Bu qarşılaşmada əvvəlki oyunumuzu sərgiləyə bilsək, "Bakı"dan xal və xallar ala bilərik. Çox maraqlı qarşılaşma olacaq. Bu qarşılaşma hər iki komanda üçün önəmlidi. Onlar liderlərlə olan xal fərqini azaltmaq, biz də qara zolaqdan çıxmaq üçün mübarizə aparacağıq.
 
– Cəzalı olan Samir Abbasovun yoxluğu komandaya necə təsir edəcək?
– Kapitanın yoxluğu sözsüz ki, komandaya təsir edəcək. Çalışacağıq ki, meydanda onun yoxluğunu hiss olunmasın. Bunun üçün də hər kəs ikiqat əzmlə mübarizə aparmalıdı.
 
– Heyət baxımından əziyyət çəkdiyiniz bir vaxtda Abbasovun 4 oyunluq cəzalanmasını necə qarşıladınız?
– Orada kim olsaydı, Samirin etdiyi hərəkəti edərdi. Təmiz penaltini verməyib, haqqımızı yeyirlər. Durub deməyəcək ki, çox sağ ol! Hər kəs istəyir ki, çəkdiyi əziyyətin bəhrəsini görsün. İnsana haqsızlıq edəndə dözə bilmirsən.
 
– Sizcə, onun cəzasını yüngülləşdirərlər?
– Bu, artıq PFL-in işidi.
 
– "Bakı" ilə oyundan sonra sizi "İnter" və "Xəzər Lənkəran"la çətin oyun gözləyir. "Sumqayıt"ın bu qarşılaşmalardakı şanslarını necə qiymətləndirirsiz?
– Biz hər oyuna ciddi yanaşırıq. Bizim üçün hər oyun final kimidi. "İnter"lə "Xəzər Lənkəran" çox yaxşı komandalardı. Bu oyunlarda qələbəni daha çox kim istəsə, o da qazanacaq.
 
EMİN SƏFƏROV
Shares: