Bu gün Topaz Premyer Liqasında 16-cı turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, turun maraqlı qarşılaşmalarından biri də "Şəfa" stadionunda baş tutacaq.
 
Saat 17:00-da başlayacaq matçda "İnter"in qonağı "Xəzər Lənkəran" olacaq. Bu oyunda Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Dənizli çempionatda "siftə" edəcək. Ölkə kubokunda “Neftçala”nı 4 cavabsız qolla yenməklə Azərbaycandakı karyerasına qələbə ilə başlayan tanınmış türkiyəli mütəxəssis eyni şeyi Premyer Liqada da təkrarlamaq istəyir. Hər halda, cənubluların qarşısında duran əsas məqsəd qış fasiləsinə qədər turnir cədvəlindəki vəziyyətlərini düzəltməkdi.
 
Cənubluların tarixi ərzində 11-ci baş məşqçi olan Dənizli debütdə qələbə qazanıb lənkəranlıların ürəyini fəth etməlidi. Xatırladaq ki, "Xəzər Lənkəran"ın Dənizliyə qədər baş məşqçi postuna iki dəfə türk mütəxəssis təyin olunmuşdu. Ancaq nə Rasim Karaya, nə də Cüneyt Biçərə debüt matçda qələbə qismət olmuşdu. Maraqlıdı ki, Rasim Karanın “MKT-Araz”la, Cüneyt Biçərin isə "Qarabağ"la debüt matçı 0:0 hesabı ilə başa çatmışdı. “Xəzər Lənkəran”da "siftə" edən baş məşqçilərdən Nazim Süleymanov, İqor Ponomoryov, Con Benjamin Toşak da bu iki türk mütəxəssislə eyni aqibəti yaşayıb.  Yalnız Viktor Pasulko, Ağasəlim Mircavadov və Mirça Rednik ilk matçlarında qələbə sevinci yaşayıb. Onların hər ikisi Lənkəranda minimal fərqli qələbəyə seviniblər.
 
Qeyd edək ki, Nazim Süleymanov, Rasim Kara və Mircavadov komandaya iki dəfə baş məşqçi təyin olunub. Onların qayıdışdan sonrakı ilk görüşləri debüt matçı sayılmır. Həmçinin bu vəzifəni müvəqqəti icra edənlərin də “Xəzər Lənkəran”ı meydana çıxarması şərti xarakter daşıyıb.
 
Baş məşqçilərin debüt oyunları
 
Nazim Süleymanov           07.08.2004  “Turan” 1:1 “Xəzər Lənkəran”
Rasim Kara                      30.10.2004  “MKT-Araz” 0:0 “Xəzər Lənkəran”
Viktor Pasulko                 12.02.2006  “Xəzər Lənkəran” 1:0 “Olimpik”
Ağasəlim Mircavadov        11.08.2006  “Xəzər Lənkəran” 2:1 “Neftçi”
İqor Ponomaryov             15.02.2009  ”Xəzər Lənkəran” 0:0 “Karvan”
Mirça Rednik                    07.08.2010  ”Xəzər Lənkəran” 1:0 “Qəbələ”
Cüneyt Biçər                    10.12.2011  "Xəzər Lənkəran" 0:0 "Qarabağ"
Yunis Hüseynov                19.03.2012  “Xəzər Lənkəran” 0:1 “Bakı”
Karles Bakes                    18.11.2012  "Bakı" 2:0 "Xəzər Lənkəran"
Con Toşak                       30.03.2013  "Xəzər Lənkəran" 1:1 AZAL
Shares: