“Neftçi” yəqin ki, peşman olub. Az qala bir aydı Flavinyoya görə bütün mətbuatla üz-göz olasan, onun cəzasını ləğv etdirəsən, sonu da belə ola.
 
Əslində, bakılılar bəlkə də braziliyalı yarımmüdafiəçisinin cəzasını ləğv etdirməklə onun “Qarabağ”la oyunu xilas edəcəyinə inamını göstərmirdi, “istədiyimizi alırıq” mesajını verirdi. Amma problem ondadı ki, “Neftçi” bu addımla həm də onu göstərdi ki, komanda Flavinyodan asılı durumdadı. Bazar günü ağdamlılar braziliyalını “bağlamaqla” oyunun taleyini həll etdi. Oyunu isə digər braziliyalılar – Reynaldo ilə Çumbinyo bitirdi. “Qarabağ”dan fərqli olaraq, “Neftçi”nin bu cütlüyü sıradan çıxarmaq imkanı olmadı.
 
Ümumiyyətlə, “Neftçi”də kollektiv problemi var. Nazim Süleymanov vaxtında ölçü götürməsə, sonda çanaq onun başında çatlayacaq. Komandada sanki baş məşqçinin mövcudluğu hiss olunmur, futbolçular hər biri ayrı-ayrılıqda avtoritetdi, bəzən adama elə gəlir ki, heyəti də onlar müəyyənləşdirir. İntizamsızlığın baş alıb-getdiyi yerdə isə uğur qazanmaq çətindi. Arif Əsədovun, Böyükağa Hacıyevin vaxtında belə deyildi, bu məşqçilər futbolçulara rahatlaşmaq imkanı vermirdi. İndi isə bir az başqa ab-hava var. Sanki braziliyalılar bir dəstədi, Mahir Şükürov, Rəşad Sadiqov başqa hökm sahibləridi və s.
 
Turun mərkəzi oyunu təkcə nəticəsi ilə ön plana çıxmadı. Hakimlərdən narazılığın artdığı bir vaxtda bu oyunun məsuliyyəti birə-beş artmışdı. Bu matçda bir ciddi səhv xaosa səbəb ola bilərdi. Ölkənin ən güvənilən hakimlərinin müxtəlif səbəblərdən “sıradan çıxdığı” bir məqamda idarəçiliyi ciddi müzakirə olunmayan cəmi bir hakim qalmışdı. Və sabiq FİFA referisi Vüsal Əliyev bu məsuliyyətin altında əzilmədi, heç kimin narazı qalmadığı bir matç idarə etdi.
 
Düzdü, bu oyunda da hakim səhvləri oldu. Mübarizə baxımından Azəırbaycan standartlarının üstündə olan bir qarşılaşmada bundan qaçmaq da mümkün deyildi. Yaxşı ki, həmin səhvlər epizodik oldu, birtərəfli və nəticəyə təsir edən olmadı. Yalnız penalti epizodunda Əliyev qaydalara qarşı çıxdı. Belə ki, cərimə zərbəsinə səbəbkar olan İqor Mitreskiyə ikinci sarı vərəqə göstərilməli idi. Amma Vüsal bəy həm nəticəni, həm daha bir zərbənin “Neftçi”ni tamamilə yıxacağını nəzərə alaraq bakılılara güzəştə getdi.
 
Əliyevin bu səhvi “Neftçi”nin bəhanəsini də əlindən aldı. Bəlkə də həmin vaxt qırmızı vərəqə verilsəydi, indi bakılılar azlıqda qaldıqları üçün uduzduqlarını deyəcəkdi. Ancaq Vüsal bəy onlara bu şansı da vermədi.
 
Təbii ki, hətta “Qəbələ”ni də önə buraxmalarına baxmayaraq, bakılılar üçün heç nə bitməyib. Son turda “İnter”in də büdrədiyini nəzərə alsaq, hazırda bu komanda digər iki rəqibi ilə birlikdə çempionluğa əsas namizədlərdi. Ancaq düşündürücü məqam komandanın oyunudu. Bazar günü ağdamlılar 3-cü qolu vurduqdan sonra 5-6 dəqiqə rəqibini topa da həsrət qoydu. Heç olmasa bu mənzərə bəlkə Sadıq Sadıqovu ayılda. Superkubok matçından sonra “Neftçi”nin təzə qana ehtiyac duyduğunu etiraf edən klub prezidenti indi onu bir daha təkrarlrmalıdı. Həm də Bakı klubu təkcə 1-2 mövqedə deyil, həm də klub idarəetməsində dəyişikliyə ehtiyac duyur. Sırf futbolçu seçiminə gəlincə, “Neftçi”yə Flavinyo yox, bir neçə Reynaldo lazımdı.
Shares: