Topaz Premyer Liqasının 15-ci turunda baş tutan "Sumqayıt" – "Neftçi" qarşılaşması yəqin ki, hələ xeyli müddət yaddaşlardan silinməyəcək. "Sumqayıt"ın 1:2 hesabı ilə məğlub olduğu görüşdə bir sıra qalmaqal yaşanmışdı.
 
Hətta həmin hadisələr futbol ictimaiyyətində geniş müzakirələrə səbəb oldu. Qarşılaşma zamanı Fariz Yusifovla Samir Abbasovun bir-birinə söyməsi, "kimyaçılar"ın hüçumçusu Nurlan Novruzovun Maradonasayağı qolu və verilməyən penalti…
 
İntizam Komitəsinin son iclasında "Sumqayıt" – "Neftçi" oyunu ilə bağlı qərarlar da açıqlandı. Həmin qarşılaşmada “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olundu. Oyunun 90-cı dəqiqəsində “Sumqayıt”ın kapitanı Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  4 oyunluq cəzalandı. Samirin bu hərəkəti həm də klubunu 4000 manat ziyana saldı. Fariz Yusifovla bağlı cəza açıqlanmasa da, hər halda onun da son oyunlarda təyinat almaması cəzasız qalmamasından xəbər verir.
 
Lakin bu görüşlə bağlı daha bir diqqətçəkən məqam var idi. Belə ki, "Sumqayıt" -"Neftçi" matçında flaqmanın vurduğu qollardan sonra paytaxt təmsilçisinin azarkeşləri pirotexniki vasitələrdən istifadə etmişdi. Azarkeşlərin qol sevincini bu cür bayram etməsi az qala bütün stadionu tüstüyə bürümüşdü. Lakin görünür havanın soyuq olması oyuna təyin olunmuş AFFA nümayəndəsi Rauf Hüseynliyə yaman təsir edibmiş. Məhz bu üzdən o, qonaq azarkeşlərin bu davranışı ilə bağlı qeyd apara bilməyib. Rauf bəyin bu diqqətsizliyi İntizam Komitəsinin qərarlarında da hiss olunur. Azarkeşlərin bu çılğınlığı 52-ci maddəyə əsasən "Neftçi"nin 1000 manat "tərləməsinə" səbəb olacaqdı. Amma Hüseynlinin və bu qarşılaşmaya məsul digər şəxslərin bunu gözdən qaçırması "ağ-qaralar"ın bu cəzadan qurtulmasına səbəb olub. Bu səhvin bilməyərəkdən və ya qəsdən edildiyini müəyyənləşdirmək isə çətindi.
 
Məlumat üçün qeyd edək ki, buna qədər flaqmanın azerkeşləri "Qarabağ", "Simurq" və AZAL-la oyunlarda məhz eyni səbəbdən (pirotexniki vasitələrin istifadəsi) cəzalandırılmışdı. Elə isə görəsən "Neftçi"nin bu dəfə bağışlanması hansı səbəblərdən qaynaqlanır?
Shares: