"İnter"in "İnterfan" fan-klubunun prezidenti Ruslan Muradovun futbolinfo.az saytına müsahibəsi
– Fan-klubunuz neçə ildi fəaliyyət göstərir?
– "İnter" klubu yarandığı ildən (2004-cü il) bizim fan-klub da fəaliyyətə başlayıb. O vaxt Zabrat qəsəbəsində yerləşirdik. Amma 2006-cı ildən rəsmi şəkildə mütəşəkkil olaraq fəaliyyət göstəririk. Hazırda Qaraçuxurda, Fatmayidə, Bakıxanovda, Zabratda fan-klubumuzun bölmələri var.
– Fan-klubun yaranması kimin təşəbbüsü ilə gerçəkləşdi?
– Hər bir klubun öz azarkeş ordusu olmalıdı. Mən 2006-cı ildə fan-kluba rəhbər olaraq gəldim. "İnter" klub olaraq azarkeş ordusu olmasında çox maraqlıdı. Təşəbbüskar elə klub özü olub.
– Müstəqil fəaliyyət göstərirsiz, yoxsa klub tərəfindən maliyyələşırsiz?
– Açığını deyim ki, bizi klub maliyyələşdirir.
– Təxminən nə qədər üzvünüz var?
– Əvvəllər matçlara giriş bilet ilə olanda hər üzvümüzün vəsiqəsi var idi. O vəsiqəyə əsasən bilet paylayırdıq. İndi isə buna ehtyac yoxdu. Hardasa, 250-dən çox vəsiqə paylamışdıq.
– Klubla bağlı iradlarınızı bildirmək üçün məşqçilərlə və ya futbolçularla görüşlər keçirirsizmi?
– Fan-klub olaraq hər matçdan öncə toplantı keçiririk. Ofisimiz də "Şəfa" stadionunda yerləşir. Mövsümün əvvəlindəki uğursuzluqla əlaqədar kapitan Vaqif Cavadov daxil olmaqla komandanın bir neçə aparıcı üzvü ilə "İnter" kafesində görüş keçirdik. Onlar da bu nəticədən məyus olduqlarını bildirdilər. Vəziyyəti dəyişəcəklərinə söz verdilər. Şükürlər olsun ki, bu, belə də oldu.
– Klub tərəfindən maliyyələşmək sizin fəaliyyətinizdə hansısa məhdidiyyətlər yaratmır ki? Yəni fikirnizi, etirazınızı açıq şəkildə bildirə bilirsiniz?
– Klub yarandığı gündən hədəf çempionluq olub. Hər zaman mükafatçılar sırasında yer alırıq. Avroliqada oynayırıq. Etiraz üçün ciddi səbəblərimiz olmur.
– "İnter"də yerli oyunçu azlığı sizi narahat edirmi?
– Yerli oyunçu az olsa da, komandanın ən aparıcı üzvləri elə onlardı. Qoyulan limitə uyğun futbolçularımız var.
– Azərbaycanda bir çox fan-kublar fəaliyyət göstərir. Onlarla əməkdaşlıq edirsizmi?
– Bizim bütün fan-klublarla münasibətimiz yaxşıdı. 90 dəqiqə meydanda rəqib, sonra isə dostuq. Fikrimcə, azarkeş stadiona davaya yox, klublarını dəstəkləməyə gəlməlidi.
– Bir "Xəzər Lənkəran" və bir "Neftçi" azarkeşi hazırda həbsxanadadı. Yaxın günlərdə onların məhkəməsi baş tuacaq. Onlara dəstək olmaq üçün hər hansı addımlar atırsızmı?
– Son turun "İnter" – "Xəzər Lənkəran" matçında biz fan-klub olaraq "Eliko və Zaura azadlıq" yazılmış banner açmışdıq.
– Hər hansı layihələr və ya tədbirlər nəzərdə tutulubmu?
– Biz universitetlər, texnikumlar, məktəblər arasında mini futbol turnirləri keçiririk. Sosial tədbirlər təşkil edirik. Bunu etməkdə əsas məqsədimiz gəncləri, futbol həvəskarlarını stadionlara cəlb etməkdi.
– Bu mövsüm üçün komandadan nə gözləyirsiz? Azerkeş kimi yox, reallığa əsaslanan proqnoz istərdik…
– Real götürsək, komandamız ilk üçlükdə yer ala bilər. Amma təbii ki, çempion olmağımızı istərdik.
– Real götürsək, komandamız ilk üçlükdə yer ala bilər. Amma təbii ki, çempion olmağımızı istərdik.
KƏMALƏ İSMAYILOVA





