Topaz Premyer Liqasının 16-cı turunda baş tutan "Sumqayıt" – "Bakı" (1:2) oyununda baş verənlərə AFFA-nın İntizam Komitəsi hüquqi qiymət verib. Futbolinfo.az xəbər verir ki, ötən tur hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalanan Samir Abbasov bu dəfə də eyni hərəkətinə görə 4 oyunluq cəza alıb. Bundan başqa analoji hadisəyə görə Ruslan Qurbanov və Slavik Alxasov da 4 oyunluq cəza ilə üzləşib.
Məsələ ilə bağlı bu gün klubdaxili iclas keçiriləcək. Klubun mətbuat xidmətindən verilən məlumata görə, son turda baş verən hadisənin iştirakçısı və şahidi olan futbolçular iclasa dəvət olunub. İclas zamanı qəbul edilən qərara əsasən klubun cəzayla bağlı apelyasiyaya şikayət verib-verməyəcəyi də məlum olacaq.
Burada isə maraqlı bir məqam diqqəti cəlb edir. AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin sədri Muxtar Babayevin həm də "Sumqayıt"ın sponsoru "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri olmasını nəzərə alsaq, klubun apelyasiya şikayəti verəcəyi təqdirdə vəsatətin təmin olunacağını demək olar.





