İldə iki dəfə səbirsizliklə gözlədiyimiz "El Klassiko"nun və ya "Fənərbaxça" – "Qalatasaray" matçının bir anlıq azarkeşsiz stadionda keçirildiyini təsəvvür edək. Həmin oyunlar bizə nə dərəcədə maraqlı gələr? Hətta bu oyunlarda məhsuldar nəticələrin qeydə alınması belə ürəyimizi oxşamaz. Çünki tribunaların dolu olması meydandakı futbolun canıdı.
Siz ümumiyyətlə, yalnız bəy və gəlindən ibarət toy mərasimini təsəvvür edə bilirsizmi? Bəylə gəlin şadlıq evində yalnız ikisidisə, ona toy demək mümkündümü? Hətta çalğıçıların möhtəşəm ifaları diqqət çəksə də, qonaqlarsız toy məclisinə toy demək olmaz.
İnanın, stadiona toplaşan azarkeşlər də toya gələn qonaqlar kimidi. Meydandakı futbolçular isə bəylə gəlin… Bəli, Azərbaycan çempionatı da hazırda qonaqsız toya oxşayır. Bizdə yalnız bəylə gəlin içi boş olan şadlıq evində ortalıqda atlanıb düşdüyü kimi, klublarımız da boş stadionlarda oynamağa məcburdu.
Bəs, bunun günahı kimdədi? Gəlin özümüzə sual verək: toya qonaqlar gəlmirsə, günahı kimdə axtarmalıyıq? Əlbəttə ki, bəylə gəlində. Çünki ətraf insanlarla münasibət qura bilməyən, mehribançılıq və dostluq hissləriylə yaşamayan insanların toyuna heç kim gəlməz. Bir adamın toyuna nə qədər çox adam gəlirsə, deməli, onların cəmiyyət içində nüfuzu daha çoxdu. Ona görə də bu formulu futbola da calamaq olar. Deməli, bizdə klubların cəmiyyət içində nüfuzu yoxdu ki, onların oyununu izləmək üçün azarkeş kütləsi stadiona axışmır. Azarkeşlərimizin stadiondan küsməsinə görə günahkar məhz klublardı.
Əslində, dəfələrlə bu məsələni qabartdığımızdan yenidən təkrarçılığa yol vermək istəmirik. Amma nə edək ki, möhtəşəm "Qarabağ" – "Neftçi" oyununun boş tribunalar önündə keçdiyini görəndən sonra məsələyə laqeyd qala bilmədik. Həmin oyunda 15-20 min adam olsaydı, bu matçdan sanki bir Premyer Liqa və ya bundesliqa qarşılaşması qədər həzz alardıq.
Əlbəttə, həmin oyuna baxarkən "Qarabağ"ı və "Neftçi"ni tam olaraq qınaya bilmirsən. Çünki meydanda olanlar futbol adına çox böyük işlər gördü. Stadionda bu ab-havanı yaşamaq istəməyən futbol həvəskarları isə çox şey itirdi. Adama deyərlər ki, "Qarabağ" "Piast", "Gefle" və "Ayntraxt"la oynayarkən stadiona sel kimi kimi axın edən azarkeş ordusu nə üçün sevimli komandalarını çempionat matçında dəstəkləmir? Məgər onlar "Piast", "Gefle" və ya "Ayntraxt"ın matçını izləmək üçün stadiona yollanmışdı.
Təbii ki, avrokuboklarda onları "Qarabağ" maraqlandırırdı. Bəs nə üçün "Neftçi"ylə matçda "Qarabağ" və ya "Qarabağ"la matçda "Neftçi" onlar üçün maraqsız gəlir? Ya da ki, sovet dönəmində "Neftçi"nin "Zenit", "Paxtakor", "Spartak" və ya "Dinamo"yla oyunlarında stadionu dolduran azarkeş kütləsi nə üçün Azərbaycan çempionatından soyudu? O dövrün "Neftçi"si hazırkı "ağ-qaralar"dan daha güclü olsa da, həmin "Neftçi" gücünə görə elə də əjdaha deyildi. Deməli, bizim üçün beynəlxalq arenadakı rəqabət daxili birincilikdən daha maraqlıdı.
Əslində, mən "Azərbaycanda futbola maraq yoxdu" deyənlərin fikriylə də razı deyiləm. Azərbaycanda futbola maraq olmasaydı, mən şənbə və bazar günü "Topaz" məntəqələrinə daxil olub ayaq üstə "kupon" yazmazdım. Bəli, təəssüf ki, ölkəmizdə stadionlarda yox, "Topaz" məntəqələrində futbol ab-havası hökm sürür. Klubları tənqid etməkdə haqlıyıq, o, öz yerində. Azərbaycan İngiltərə və ya İspaniya kimi möhtəşəm futbol ölkəsi olsaydı, təbii ki, azarkeşlər stadiona axışacaqdı. Mənim milli komandam evdə Lüksemburqu məğlub edə bilmirsə və yalnız qrupda sonuncu yeri tutmamaq üçün oynayırsa, 22 illik müstəqil futbolumuzun tarixində yalnız bir komandamız Avropa Liqasının qrup mərhələsinə düşürsə, mən azarkeşlərimizin yaxasından yapışa bilmərəm. Rusların yaxşı bir sözü var: "kakoy privet, takoy otvet!" Klublarımızın və futbolçularımızın "privet"inə ancaq belə cavab verə bilərəm.
Ən əsası, özünə hörmət edən azərbaycanlı fanat yanacağın bahalaşmasına etiraz etməyən və əksinə bunu vecinə almayan Mahir Şükürovun oyununu stadiondan izləməyi özünə ar bilər. Səhərdən axşama qədər çörəkpulu qazanmaq haqda fikirləşən azarkeş "X6"da və ya "Bentli"də gəzən, amma Azərbaycana bir qara qəpik xeyir verməyən futbolçunun oyununu nə üçün stadionda izləməlidi ki? İnanın, sosial bərabərsizlik də belə antoqonist münasibətlərin yaranmasına səbəb olur.
Hazırda bir çox məqamlara görə yerli futbol həvəskarının klublardan inciməyə haqqı var. Əlbəttə, bu dəqiqə teatrlarımız da stadionlarımız kimi boşdu. Düzdü, indi o dövrün aktyorları kimi sənət adamlarımız olmasa da, gənc incəsənət xadimləri səhnədə bacardığını edir, amma salonda onu alqışlayacaq tamaşaçını görmür. Bizdə incəsənət vurğunları zalda tamaşanı izləmək əvəzinə evdə seriala baxırsa, futbol həvəskarı "Neftçi" – "Qarabağ" oyununu yox, divanda əyləşib "Roma" – "Fiorentina" matçını izləməyə üstünlük verir. Çünki mövcud durum bizi sosiallıqdan virtuallığa sürgün edib.
Çıxış yolu nədədi? Yaxşı oynamaq, yaxşı oynamaq və yenə də yaxşı oynamaq. Gəncədə "Qızıl oyun"a 25 min azarkeş gəldisə, deməli, onları yenidən stadionlara cəlb etmək mümkündü. Bir az səviyyə artımı, bir az xalqa yaxınlıq, bir az da klubların təbliğat kampaniyası düzəlməlidi…
FƏRİD





