Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la matçda fərqlənməklə komandasını 1/8 finala yüksəldən "Qalatasaray"ın futbolçusu Uelsli Sneyder oyundan sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, hollandiyalı bu qalibiyyəti mövsümün ən önəmli qələbəsi olaraq qiymətləndirib:
 
"İstədiyimiz nəticəni əldə etdik. Bu qalibiyyət mövsümün ən önəmli qələbəsi oldu. Biz yaxşı komandayıq. Azarkeşlərimizə də təşəkkürümü bildirirəm. 1/8 finala çıxdığımız üçün çox xoşbəxtəm. Artıq püşkatmanı gözləyirik".
 
Sneyder gələn ay "Mançester Yunayted"ə transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Açığı, mən də sizin qədər bilirəm. Özümlə bağlı çıxan xəbərləri gördüm. Hazırda "Mançester Yunayted"ə keçidim gündəmdə deyil. Daha öncə də digər klublarla adım hallanmışdı. Ancaq bu xəbərlər bəzən məni məyus edir. Çünki hər dəfə azarkeşlərə açıqlama vermək məcburiyyətində qalıram. Türkiyədə azarkeşlər çox emosionaldı. "Qalatasaray"da özümü yaxşı hiss edirəm və Çempionlar Liqasında yolumuza davam etmək istəyirəm. Əlbəttə, gələcəkdə nələr olacağını deyə bilmərəm, ancaq hazırda "Qalatasaray"da xoşbəxtəm".
 
Qeyd edək ki, Sneyder ötən mövsüm qış transfer pəncərəsi dönəmində "İnter"dən "Qalatasaray"a transfer olunmuşdu.
Shares: