Azərbaycan 1-ci divizonunda mübarizə aparan "Turan-T" klubunun prezidenti Namiq Məstanov futbolinfo.az saytına açıqlama verib. Klub rəhbəri açıqlamasında kəskin dəyişən hava şəraitinin Tovuz klubunun qarşıdakı turdakı oyununa təsir etməyəcəyini bildirib:
"Burada havalar normaldı. Demək olar ki, çox qar yoxdu. Bu gün də komanda məşqə çıxıb. Vəziyyətin normal olduğunu demək olar. Sadəcə meydanın kənarlarında bir az qar var. Hər hansı bir problemdən danışmaq olmaz. İnşallah, "Mil-Muğan"la oyuna qədər də heç bir problem yaranmaz. Lakin hava şəraitini bilmək olmur. Çempionlar Liqasında "Qalatasaray" – "Yuventus" oyununun ilk yarım saatı normal hava şəraitində keçdi. Lakin birdən-birə havanın dəyişməsi nəticəsində oyun təxirə düşdü. Sabah nə olacağını bilmək olmur. Hələ ki, hər şey öz qaydasındadı".
Qeyd edək ki, "Turan-T" – "Mil-Muğan" qarşılaşması dekabrın 15-də keçiriləcək. Bölgə klublarının mübarizəsi saat 14:00-da başlayacaq.





