“Höccət Hacıyev məhkəməyə “Xəzər Lənkəran” klubunun nümayəndəsi kimi yox, stadion direktoru kimi dəvət alıb. Çünki hadisə Lənkəran stadionunda baş vermişdi. “Neftçi” futbol klubu olaraq, azarkeşimizlə daim maraqlanırıq. Müvafiq qurumlara rəsmi olaraq məktbular göndərmişik. Bizim gündəlik diqqətimizdə olan məsələdi. Zaur Ərəbovu daim nəzarətimizdə saxlayırıq. Hətta dünən bəzi başqa azarkeşlərlə məhkəmədə şahidlik etməsi ilə bağlı söhbət aparmışıq. Lakin onun vəkili bunu istəmədi. Həm Zaurun yaxınları, həm də vəkili ilə onun azad olunması yönündə işlər daim davam etdirilir. Klub tərəfindən hər bir dəstəyi göstərəcəyik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.
Klub rəsmisi həbs olunan azarkeşlərdən biri olan Zaur Ərəbov haqqında danışarkən daha sonra bunları deyib: “Ayın 25-də yekun məhkəmə olacaq və bütün məsələlərdə “Neftçi” adına da ona vəkili kömək edəcək. Əsasən vəkil vasitəsilə bu işi nəzarətdə saxlayırıq. Bu məsələni yoluna qoymağa, kömək etməyə hazırıq. Zaur oyunun fasiləsindən sonra stadionda olmayıb və heç bir insidentdə iştirak etməyib".





