“Oyuna istədiyimiz kimi başladıq və ilk hissəni üstün başa vurduq. Bilirdik ki, ikinci hissə daha çətin olacaq, çünki rəqib üzərimizə daha çox gələcəkdi. Biz də daha diqqətli olmalıydıq. Səhvlərimizin üzərində işləyərək daha yaxşı olmağa çalışacağıq. İkinci hissədə “Sabah” bizi yaxşı analiz etdi və açığı, özümüz də özümüzü çətin vəziyyətə saldıq. İkinci qoldan sonra daha aqressiv ola bilərdik, amma bu, bizdə bir az çatışmadı”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev deyib.

Müdafiəçi “Sabah”a məğlubiyyətin (1:2) komanda üçün ağır olduğunu, lakin qarşıdakı oyunlara fokuslanmalı olduqlarını vurğulayıb: “Məğlubiyyət insana pis təsir edir, amma çempionat uzun marafondur və biz qarşıdakı oyunlara hazır olmalıyıq. Hər məğlubiyyət bir addım geri salır, amma bununla barışa bilmərik. Daha çox çalışıb, bu məğlubiyyətləri unutdurmalıyıq. Oyunu analiz edəndən sonra deyə bilərəm ki, səhvlərimiz üzərində işləməklə daha yaxşı oynamağa çalışacağıq. Hədəfimiz eyni olaraq qalır. Belə məğlubiyyətlər bizə dərs verir və daha güclü “Turan Tovuz” olmağımıza səbəb olur”.

Hacıyev komandasının qış fasiləsindən sonra sabit oyununu tapa bilmədiyini də qeyd edib: “İlk dövrədə yaxşı çıxış edirdik, lakin qış fasiləsindən sonra sabit oyunumuzu tapa bilmirik. Futbolda belə hallar olur, biz isə yenidən sabit çıxış etmək üçün çalışacağıq. Çempionatda hər oyun çətin keçir, heç bir qarşılaşmanın nəticəsini əvvəlcədən demək mümkün deyil. Hər komanda xal uğrunda mübarizə aparır və bu da bütün oyunların önəmini göstərir”.

O, hakimliklə bağlı danışmaq istəmədiyini də bildirib: “Hakim qərarları haqda danışmağı xoşlamıram. Əgər qalib gəlmək istəyirsənsə, stadionda olan hər kəsi məğlub etməlisən”.

Sonda təcrübəli futbolçu növbəti turda “Araz-Naxçıvan”la keçiriləcək oyuna qalibiyyət üçün çıxacaqlarını qeyd edib: “Hər oyuna olduğu kimi, bu qarşılaşmaya da qələbə üçün çıxacağıq. Çətin oyun olacaq, amma buna hazırlaşıb meydana çıxacağıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: